ELM VƏ TƏHSİL
Müstəqillik dövrü bədii ədəbiyyat və ədəbiyyatşünaslıq qarşısında geniş imkanlar açıb
Bakı, 27 dekabr, P.İmanova, G.Mahmudlu, AZƏRTAC
Dekabrın 27-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında bu mədəniyyət ocağının və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr edilən “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” ikicildliyinin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Ədəbiyyat İnstitutu ilə Azərbaycan Milli Kitabxanası arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Sənədi institutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və Milli Kitabxananın direktoru Kərim Tahirov imzalayıblar.
K.Tahirov akademik İ.Həbibbəylinin rəhbərliyi ilə iki cilddə hazırlanmış kitabın məziyyətlərindən danışıb, müqavilənin hər iki qurum arasında gələcəkdə Azərbaycan elminin, ədəbiyyatının inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirib.
Mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev müstəqillik dövrü ədəbiyyatının müxtəlif problemlərindən, müstəqilliyimizin 25 ilində ədəbiyyat sahəsində əldə olunan uğurlardan söz açıb. V.Əliyev nəşrin gənclərin və gələcək nəsillərin müstəqillik dövrü Azərbaycan ədəbiyyatını öyrənmələrinə mühüm töhfə olacağını söyləyib.
Akademik İ.Həbibbəyli bildirib ki, kitabda müstəqillik dövrü ədəbiyyatının təşəkkülü, formalaşması, ümumi xüsusiyyətləri, müasir inkişaf tendensiyaları araşdırılıb və əsas yaradıcı simalarına oçerklər həsr olunub. “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı Ədəbiyyat İnstitutunun ədəbi-mədəni ictimaiyyətə yubiley hədiyyəsi, eyni zamanda, müstəqil dövlətçiliyimizin 25 illiyinə elmi hesabatıdır. Həmçinin 15 fəsildən ibarət ikicildlik AMEA-da son illərdə başlanılan və ardıcıl davam etdirilən islahatların nəticəsidir.
Nəsrdə sosialçılıq, “repressiya” mövzusu, tarixin həqiqətləri, memuar ədəbiyyatı, realizmdən modernizmə, qadın yazıçıların yaradıcılığında müasirlik, yaradıcı gəncliyin nəsr axtarışları, 1990-cı illər şeirində ideya-məzmun yenilikləri, estetik təmayüllər, dekadans şeir mənzərələri, cənublu şairlər müstəqillik illərində, ədəbi qruplar və poetik manifestlər, yeni teatr estetikası axtarışları və digər konkret məqamlar 1990-cı illər ədəbi prosesini bütövlükdə və hərtərəfli əks etdirir. İlk istiqlal şairləri B.Vahabzadə, X.R.Ulutürk, M.Araz, xalq yazıçıları Anar, Elçin, xalq şairləri N.Həsənzadə, F.Qoca, azadlıq aşiqləri V.Səmədoğlu, S.Rüstəmxanlı, Z.Yaqub və bir çox digər şair və yazıçılar haqqında oçerklər də birinci cilddə yer alıb.
Ədəbiyyatşünaslıq elminin tarixində bir neçə dəfə fundamental tədqiqatların ərsəyə gəldiyini diqqətə çatdıran AMEA-nın vitse-prezidenti müstəqilliyimizin ilk illərindən başlayaraq akademiyada bu sahədə aparılan elmi işlər, nəşrlər barədə məlumat verib. Qeyd edilib ki, hazırda AMEA-nın müxtəlif institutlarında fundamental elmi tədqiqatların inkişaf etdirilməsi istiqamətində mühüm addımlar uğurla davam etdirilir.
Filologiya elmləri doktoru, professor Tehran Əlişanoğlu “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” ikicildliyi barədə məlumat verib. Qeyd olunub ki, nəşrdə 15 fəsil, onlarla icmal və portret oçerk, yüzdən çox yarımbaşlıq yer alıb. Kitab müstəqillik dövrü Azərbaycan ədəbiyyatının yeniliyini, zənginliyini və təkrarsızlığını ortaya çıxarır. Qeyd edilib ki, akademik İ.Həbibbəylinin rəhbərliyi ilə iki cilddə, iri həcmdə (1890 səhifə) hazırlanmış kitab monoqrafik səciyyə daşıyır. İkicildlik kitabın elmi redaktoru, akademik İ.Həbibbəylinin “Müstəqilliyin şərəfli yolu və müstəqillik ədəbiyyatı” adlı geniş “Ön söz”ü ilə açılır. Məqalədə, eyni zamanda, müstəqillik dövrü ədəbiyyatının xarakteri, tipoloji xüsusiyyətləri, yaradıcılıq prinsip və metodları, inkişaf tendensiyaları və perspektivləri hərtərəfli şərh olunur.
Xalq Yazıçısı Çingiz Abdullayev, Milli Məclisin deputatı Nizami Cəfərov və digər çıxış edənlər də müstəqillik dövrünün bədii ədəbiyyat və ədəbiyyatşünaslıq qarşısında açdığı geniş imkanlardan və kitabın əhəmiyyətindən danışıblar.
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatına həsr edilən sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.