SİYASƏT


Müstəqillik dövründə Azərbaycan elmi

A+ A

Bakı, 29 oktyabr, AZƏRTAC

Dövlət müstəqilliyimizin bərpasından keçən 25 il ərzində Azərbaycan Respublikasında elm sürətlə inkişaf edib, bu istiqamətdə böyük nailiyyətlər qazanılıb. Elmin inkişafı bütövlükdə ölkəmizin hərtərəfli inkişafının hərəkətverici qüvvəsinə çevrilib. Bu gün də respublikamızda elmin məqsədyönlü inkişafı müstəqil Azərbaycan dövlətinin prioritetlərindən biridir. Milli dövlətçilik maraqları əsasında inkişaf etdirilən elm və təhsilin bəşəri dəyərlərlə zənginləşdirilməsi müstəqillik yollarında inamla irəliləyən Azərbaycan Respublikasında daha işıqlı sabahların yaradılmasında yeni güc və qüvvət verir.

AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəylinin bu barədə qeydlərini təqdim edir.

Azərbaycanda müstəqillik dövründə elm və təhsil özünəməxsus inkişaf yolu keçib, mühüm nailiyyətlər qazanıb. İlk növbədə onu qeyd etmək lazımdır ki, yeni tarixi epoxada elm və təhsil sahəsində keçmiş sovet ideologiyasının buxovları, təsirləri aradan qalxıb, ölkəmizdə milli maraqlara və bəşəri dəyərlərə əsaslanan müasir elm və təhlil sistemi formalaşıb. Məlum olduğu kimi, keçmiş sovet cəmiyyəti dövründə mövcud olan marksist-leninçi ideologiya Sovetlər İttifaqına daxil olan xalqların, o cümlədən Azərbaycan xalqının tarixi keçmişinin, böyük şəxsiyyətlərinin, milli ənənələrinin arxa plana keçirilməsinə və unutdurulmasına xidmət edib, vahid sovet ailəsi, son onillikdə isə ümumi sovet xalqı anlayışı diktə olunub. Dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatov xalqların soykökünün, tarixinin və mili dəyərlərinin zorla unutdurulması proseslərini “manqurtlaşdırma” kimi qiymətləndirib və özünün “Əsrə bərabər gün” adlı məşhur romanında kəskin tənqid edib. Tarixi hadisələrə və şəxsiyyətlərə münasibətdə də hakim ideologiyanın inkaredici, uzaqlaşdırıcı mexanizmi mövcud idi. Uzaq və yaxın tarixdə xalqların tarixi taleyində mühüm rol oynamış böyük şəxsiyyətlər çox vaxt istismarçı, dinçi, yaxud millətçi və ya müsavatçı adı ilə damğalanırdılar. Bundan başqa, müəyyən olunmuş dövlət nəzarəti vasitəsilə arxivlərdə tarixi hadisələrə və şəxsiyyətlərə aid mühüm sənədlər “tam məxfidir” qrifi ilə saxlanılır, istifadəsinə xüsusi icazə tələb olunur, demək olar ki, qadağa qoyulurdu. Beləliklə, bütün sovet hakimiyyəti dövründə Azərbaycan xalqı tariximizdə özünəməxsus rolu olmuş feodal dövlətləri, xanlıqlar dövrünün görkəmli simaları, Azərbaycan Xalq Cümhuriyyəti və bu demokratik respublikanın əsas yaradıcıları, bəy nəsilləri və xanlar, şeyxülislamlar və müftilər haqqında əsl həqiqəti öyrənə bilməyib. Eyni damğalama siyasəti 1937-ci ilin represiya qurbanları haqqında da həyata keçirilib. Xalqımızın adlı-sanlı nümayəndələrinə mürtəce xarakterli “pantürkist”, “panislamçı”, mülkədar, qolçomaq, antisovet kimi düşünülmüş ağır ittihamları ifadə edən damğaların vurulması tətbiq olunub. Uzun bir dövr ərzində humanitar və ictimai elmlər tarixi prosesləri, hadisələri və şəxsiyyətləri təhlil edib dəyərləndirərkən bu ideoloji prinsiplərdən kənara çıxa bilməyib. Beləliklə, sovet dövrünün Azərbaycan ictimai düşüncəsi tarixi gerçəkliyi göstərmək əvəzinə, müəyyən edilmiş hazır ideoloji sxemlər əsasında dəyərləndirmə yolu ilə getməli olub.

Dəqiq və texniki elmlər, təbiət elmləri sahəsində isə sovet dövründə müttəfiq respublikalarda əldə olunmuş mühüm elmi kəşflərin və ideyaların əks-sədasının həmin regiondan kənara çıxmasına yol verilməyib, bu mümkün olmadıqda isə bu ixtiralar və yeniliklər ümumilikdə sovet elminin nailiyyətləri kimi təqdim olunub. Ən yüksək dövlət təltiflərində Sovetlər İttifaqında yaşayan türk-müsəlman xalqlarının görkəmli simalarının adlarını görmək təsadüfdən-təsadüfə mümkün olurdu. Məsələn, Böyük Vətən müharibəsi cəbhəsində sovet ordusunun böyük zəfərlər qazanmasında xüsusi rolu olmuş, görkəmli elm xadimi, “Alkiləşdirmə Kralı” kimi tanınmış Yusif Məmmədəliyevin yüksək oktanlı aviasiya yanacağının kəşf edilməsinə dair kəşfi “yuxarı dairələrdə” müzakirə edilərkən Nobel mükafatına layiq görülməsi məqsədəuyğun sayılmamışdı. Yaxud məşhur cərrah, “Azərbaycanın Hippokratı” kimi qəbul edilmiş Mustafa bəy Topçubaşovun hərbi-səhra cərrahiyyəsi üçün böyük əhəmiyyət daşıyan “Analgezin” adlanan efir-yağlar-kozu müalicə üsulunu və portativ stereoskop aparatının kəşfi sahəsindəki xidmətləri vaxtında yüksək səviyyədə qiymətini ala bilməyib.

Doğrudur, görkəmli dövlət xadimi Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə (1969-1982) Azərbaycanda vəziyyət dəyişmişdi. Əvvəla, bu dövrdə xalqımızın adlı-sanlı görkəmli ziyalıları, tanınmış alimləri və yazıçıları ilk növbədə respublika daxilində geniş təbliğ olunur, təltif edilir, fəxri adlara layiq görülür, seçkili orqanlarda yer tutmaq hüququ qazanırdılar. Beləliklə, Azərbaycan xalqı böyük xidmətləri olan görkəmli övladlarını daha yaxından tanıyır, yeni nəsillər mili iftixar hissi ilə tərbiyə olunurdular. İkincisi, ulu öndər Heydər Əliyevin Sovetlər İttifaqında qazandığı böyük nüfuzu və onun ciddi təşəbbüsləri sayəsində xalqımızın istedadlı, qabiliyyətli nümayəndələrinin mühüm xidmətləri SSRİ miqyasında dövlət səviyyəsində qiymətləndirilir, onlar bu yolla sovet dövlətində və tədricən dünyada tanıdılırdılar. Böyük Xalq yazıçıları Mirzə İbrahimova və Süleyman Rəhimova, Xalq şairləri Rəsul Rzaya və Süleyman Rüstəmə, Xalq Artisti Rəşid Beybudova, Xalq Rəssamı Tahir Salahova, görkəmli alimlərdən Mustafa Topçubaşova və İsmayıl İbrahimova dövrün ən yüksək fəxri adının – Sosialist Əməyi Qəhrəmanı adının verilməsi nəinki Siyasi Büroda, keçmiş sovet respublikaları arasında da birmənalı qarşılanmamışdı. Eyni zamanda, sovet hakimiyyəti illərində süni şəkildə millətçi kimi qələmə verilmiş Nəriman Nərimanovun Bakı şəhərində möhtəşəm abidəsini ucaltmaq da məhz Heydər Əliyevin siyasəti və iradəsi sayəsində mümkün olub. SSRİ Ali Sovetinə Azərbaycandan seçilmiş deputatların sıralarında da “fəhlə-kəndli hökumətinin” ən yüksək qanunvericilik orqanında xalqımızın görkəmli elm xadimlərinin, ədəbiyyatımızı və incəsənətimizi təmsil edən adlı-sanlı ziyalıların olması da respublikanın uzaqgörən rəhbərinin böyük xidməti idi.

Təəssüf ki, Azərbaycanda keçid dövründə yüksəkixtisaslı peşəkar kadrlar, elita əvəzinə, bolşevizmin hakimiyyətinin ilk dövründə olduğu kimi, “sıravilərin” ali hakimiyyət orqanlarında təmsil olunması halları yenidən üstünlük təşkil edib. Hətta 1989-1992-ci illərin həm şərəfi, həm də xaosla dolu olan məsuliyyətli vaxtlarında sosializm quruluşunun dağılması fonunda Azərbaycan cəmiyyətində yeni hakimiyyətə gəlmiş qüvvələr Elmlər Akademiyasını dağıtmaq, Yazıçılar İttifaqını ləğv etmək şüarları ilə çıxış etməklə kütlələrin gözündə ucalmaq yolunu tutmuşdular. Lakin Mirzə Ələkbər Sabir demişkən “çalxalandıqca, bulandıqca zaman nehrə kimi yağı yağ üstə tökmüş, ayranı ayranlıq olmuşdu”. Görkəmli dövlət xadimi Heydər Əliyevin xalqın tələbi ilə yenidən Azərbaycanda dövlət rəhbərliyinə qayıdışı ilə cəmiyyət həyatının bütün sahələrində, o cümlədən də ümumi inkişaf üçün xüsusi əhəmiyyətə malik olan elm və təhsil istiqamətində hər şey öz məcrasını tapdı. Həmin dövrdən etibarən elmi mühitdə və təhsil sferasında inkişaf yeni cəmiyyətin inkişaf prinsiplərinə uyğun olaraq özünün əsl start vəziyyətinə uyğun dirçəliş proseslərinə başlamışdı. Ulu öndər Heydər Əliyevin 1992-ci il noyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyərkən Naxçıvan Dövlət Universitetinin 25 illik yubileyi mərasimindəki nitqində dediyi uzaqgörən fikirlər hələ dövlət müstəqilliyinin bir ili yenicə tamam olmuş, sovet sosialist prinsiplərindən təzəcə qopmağa başlamış gənc Azərbaycan Respublikasında elm və təhsilin sonrakı inkişaf yoluna istiqamət vermək baxımından böyük əhəmiyyətə malik idi. Həmin təntənəli mərasimdə Ulu Öndər Naxçıvan Dövlət Universitetinin qazandığı nailiyyətləri yüksək qiymətləndirməklə yanaşı, həm də ümumiyyətlə elmin və təhsilin müstəqillik şəraitindəki yeni inkişafı üçün çox zəruri olan aşağıdakı mülahizələrini də ictimaiyyətə çatdıraraq deyib: “İndi Azərbaycan bir müstəqil dövlət kimi dünyanın hər bir dövləti ilə, hər bir ölkəsi ilə müstəqil əlaqə yaratmağa və bu əlaqələrdən öz ölkəsinin, öz dövlətinin gələcək inkişafı üçün istifadə etməyə malik olan bir ölkədir. Bu baxımdan Naxçıvan Dövlət Universiteti indi sərbəst bir ali məktəbdir. Onun Azərbaycanın bütün ali məktəbləri ilə əlaqəsini inkişaf etdirməyə daha da əlverişli şərait var və eyni zamanda, dünyanın bütün ölkələri ilə, orada olan ali məktəblərlə, elm mərkəzləri ilə, elm ocaqları ilə əlaqə saxlamağa imkanları çoxdur. Çox yaxşı haldır ki, artıq bu barədə müəyyən addımlar atılıb, qonşu İran İslam Respublikasının, Türkiyə Cümhuriyyətinin ali təhsil ocaqları ilə, elmi mərkəzləri ilə Naxçıvan Dövlət Universiteti arasında müəyyən əlaqələr yaranıb… Bu sahədə ziyalıların, alimlərin, ali məktəb müəllimlərinin fəaliyyəti indi Azərbaycan Respublikası üçün çox gərəklidir, çox faydalıdır.

…Artıq bundan sonra sizin hazırlayacağınız kadrlar gərək daha yüksək kriteriyalara, yüksək tələblərə uyğun olsunlar. İndi artıq siz keçmiş Sovet İttifaqının çərçivəsində olan təcrübəni yox, bütün dünya təcrübəsini gərək mənimsəyəsiniz, ondan səmərəli istifadə edəsiniz və ali təhsil işinin təşkilini daha müasir səviyyədə təşkil edəsiniz”.

Böyük uzaqgörənliklə bəyan edilmiş bu müdrik fikirlər və irəli sürülmüş tövsiyələr bu gün də bütövlükdə müstəqil Azərbaycan Respublikasında elmin və təhsilin müstəqillik dövrünün prinsipləri əsasında inkişaf etdirilməsinin əsas tezislərini özündə əks etdirir. Azərbaycan elmi də, ali təhsil sistemi də həmin uzaqgörən direktiv ideyaların işığında fəaliyyətini davam etdirərək ölkəmizə uğurlar qazandırmaqda davam edir.

Artıq Azərbaycan elmində və təhsil sistemində sovet hakimiyyətinin ideoloji prinsiplərindən yaxa qurtarılıb, xalqımızın və müstəqil dövlətimizin inkişafına xidmət edən, qüvvət verən milli meyarları, mənəvi maraqları və bəşəri ideyaları özündə əks etdirən yeni bir sistem formalaşdırılıb.

Məlum olduğu kimi, Azərbaycanda elmin qədim tarixi və böyük ənənələri vardır. Bununla belə, etiraf etmək lazımdır ki, ölkəmizdə elmin sistemli inkişafında XX əsr xüsusi mərhələ təşkil edir. Bütün ideoloji çətinliklərinə baxmayaraq, 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması və fəaliyyəti ilə xalqımız elm sahəsində daha böyük uğurlar əldə etməyə nail olub. Böyük dövlət xadimi Heydər Əliyevin 1993-cü il sentyabrın 23-də respublika ziyalıları ilə tarixi görüşündə Azərbaycan Elmlər Akademiyasının əhəmiyyəti və xidmətləri haqqında söylədiyi aşağıdakı fikirlər cəmiyyətin inkişafında elmin roluna dair obyektiv qənaətləri ifadə edir: “Elmlər Akademiyası Azərbaycan xalqının tarixi nailiyyətidir. 1945-ci ildə bu akademiyanı yaradan adamlar, Azərbaycanın böyük alimləri çox böyük şücaət göstərmişlər. Ötən dövrlərdə bu akademiyanın çərçivəsində Azərbaycan elmi çox inkişaf etmişdir. Akademiyanın fəaliyyətini tənqid etmək də olar, …ancaq ümumən götürdükdə, şübhəsiz ki, elminin keçdiyi inkişaf yolunu yüksək qiymət verməli, onu əldə saxlamalı, itirməməliyik. Dağıtmaq çox asandır, qurmaq, yaratmaq çətindir. 1945-ci ildə Elmlər Akademiyasını yaratmaq, sonra isə onu inkişaf etdirmək, yeni-yeni institutlar təşkil etmək asan iş idimi? Əlbəttə, yox! …Tarix, insanlar isə həmişə quranları, yaradanları qiymətləndirir… Əmin ola bilərsiniz ki, Elmlər Akademiyası da, institutlar da fəaliyyət göstərəcəklər. Azərbaycan elmi inkişaf etməlidir… Biz bu sahəyə hər cür kömək edəcəyik və mədəniyyətimiz, elmimiz, təhsilimiz, o cümlədən də ali təhsilimiz… inkişaf edəcəkdir”.

Müstəqilliyin sonrakı illərindən bu günədək Azərbaycan elminin, Elmlər Akademiyasının keçdiyi çətin və şərəfli yol Ulu Öndərin ideyalarının böyük uğurla həyata keçirildiyini və ölkəmizdə elmin inkişafına böyük töhfələr verdiyini bütün aydınlığı ilə təsdiq edir. Haqlı olaraq deyildi kimi, “Azərbaycan müstəqillik yolunda gələcəyə doğru irəlilədikcə milli elmi təfəkkür mərkəzinin – Azərbaycanın intellektual ocağının yaradılması daha böyük məna daşıyır”. Ona görə də haqlı olaraq Elmlər Akademiyasını “müasir elmimizin təşəkkül və inkişafının parlaq göstəricisi” hesab edirlər.

Yeni quruluşun xarakterini, özünəməxsusluğunu nəzərə alan ümummilli lider Heydər Əliyev Elmlər Akademiyasının müstəqil dövlətin prinsiplərinə uyğun statusda fəaliyyət göstərməsi üçün əhəmiyyətli addımlar atıb. Hər şeydən əvvəl, Ulu Öndərin 2001-ci il 15 may tarixli Sərəncamı ilə Elmlər Akademiyasına Azərbaycan Milli Elmlər Akademiyası adı verilib. Bu, akademiyanın fəaliyyətinin keçmiş sovet ideoloji prinsiplərindən tam uzaqlaşaraq, xilas olaraq ölkənin və bütünlüklə təmsil etdiyi xalqın milli mənafelərinə və dövlətçilik maraqlarına xidmət etməsinin təmin olunmasına geniş imkanlar açıb. Ölkəmizin əsas elmi qurumuna Milli Elmlər Akademiyası adının verilməsi Azərbaycanın fundamental elmin inkişafında əldə etdiyi nailiyyətləri, Azərbaycan xalqının mədəni və mənəvi təşəkkülündə oynadığı rolu, respublika ictimaiyyəti arasında olan nüfuzunu və akademik elmin ölkənin inkişafının əsas təminatçısı olduğunu bir daha təsdiqləmişdir”. Eyni zamanda, ulu öndər Heydər Əliyevin 2003-cü il 4 yanvar tarixli Fərmanı əsasında Milli Elmlər Akademiyasının statusu və əhatə edəcəyi fəaliyyət sahələri müəyyənləşdirilib, ölkə üzrə bütün elmi müəssisələrin və ali məktəblərin elmi-tədqiqat işlərinin əlaqələndirilmə işi akademiyaya həvalə olunub. Böyük tarixi əhəmiyyətə malik olan həmin Fərmanla Milli Elmlər Akademiyasının çoxillik fəaliyyəti dövründə ilk dəfə olaraq bu quruma geniş səlahiyyətlərin verilməsi təmin edilib. Qeyd edilən Fərmanda deyilirdi: “Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, Azərbaycan Respublikasındakı bütün elmi müəssisələrin və ali məktəblərin fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, Azərbaycan Respublikasını xarici ölkələrdə elmi və elmi-texniki fəaliyyət sahəsində təmsil edən ali dövlət elmi təşkilatıdır”.

Məhz bu Fərmandan sonra ölkədə Azərbaycan Respublikası üzrə Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası təsis edilib və bu quruma bağlı olan problem şuralarında yalnız Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutlarının deyil, bütövlükdə ali məktəblərdə və sahə elmi müəssisələrində aparılan tədqiqat işlərinin, xüsusən də fəlsəfə doktorluğu və elmlər doktorluğu üzrə mövzuların müəyyənləşdirilməsi məsələləri müzakirə olunmuş və təsdiq edilmişdir. Bu, ölkə miqyasında aparılan elmi-tədqiqatların vahid qaydada əlaqələndirilməsinə, təkrarçılığın, paralel mövzuların işlənməsinin qarşısını alınmasına, aparıcı elmi istiqamətlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə şərait yaradıb. Əhəmiyyəti nəzərə alınmaqla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə 2016-cı il iyunun 14-də geniş müzakirələrdən sonra qəbul edilmiş “Elm haqqında” Qanunun tətbiq edilməsi barədə 2016-cı il 9 avqust tarixli Fərmanında Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasına daha geniş səlahiyyətlərin verilməsi respublikamızda həmin siyasətin uğurla davam etdirildiyini göstərir. Azərbaycan Respublikasının “Elm haqqında” Qanunundakı “Elmi-tədqiqat fəaliyyətinin əlaqələndirilməsi” adlandırılan 22-ci maddədə bu qurumun fəaliyyət dairəsinin aşağıdakı redaksiyada verilməsi həmin davamlı prosesin yeni tarixi mərhələdəki ifadəsidir: “Elmi Tədqiqatların Əlaqələndirmə Şurasının əsas vəzifəsi ölkədə aparılan elmi-tədqiqat işlərinin əlaqələndirilməsi və təkrarçılığın aradan qaldırılması, müxtəlif elmi strukturların birgə elmi tədqiqatlara cəlb edilməsi, fundamental və tətbiqi tədqiqatların, sahələrarası elmi-texniki proqramların həyata keçirilməsinə nəzarətin təmin edilməsi, onların nəticəliliyinin və səmərəliliyinin yüksəldilməsindən ibarətdir”. Funksiyalarının genişliyi və aparacağı işlərin məsuliyyəti nəzərə alınmaqla Prezident İlham Əliyevin “Elm haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsinə dair 2016-cı il 9 avqust tarixli Fərmanının 1.1.5-ci bəndində Elmi Tədqiqatların Əlaqələndirmə Şurasının fəaliyyətinə dair Əsasnamənin Respublika Nazirlər Kabineti tərəfindən təsdiq edilməsi müəyyənləşdirilib. Bu Fərmandan sonra Elmi Tədqiqatların Əlaqələndirmə Şurası və ona bağlı olan ayrı-ayrı elm sahələri üzrə problem şuraları daha yüksək statusla elmi fəaliyyətin istiqamətləndirilməsinə, təhlil edilməsinə və proqnozlaşdırılmasına cavabdeh olacaqlar. Bütün bunlar müstəqillik dövrü Azərbaycan elminin inkişafına göstərilən dövlət qayğasının əməli ifadəsidir.

Ölkəmizdə fəaliyyət göstərən bütün elmi-tədqiqat müəssisələrinin illik elmi hesabatlarını Milli Elmlər Akademiyasına təqdim etmələri, Akademiyada respublika üzrə elmi fəaliyyət sahəsinin ümumiləşmiş hesabatlarının hazırlanması və hər ildə bir dəfə ümumi yığıncaqda elmi ictimaiyyətin, ali məktəb elmini və sahə elmini təmsil edən alimlərin iştirakı ilə geniş müzakirə olunması Azərbaycan elmində gedən prosesləri, inkişaf meyillərini tam halda izləməyə, dərindən təhlil edib dəyərləndirməyə və istiqamətləndirməyə imkan yaradır. Bu, bütövlükdə ölkə üzrə elmi-tədqiqatların ümumiləşdirilmiş geniş mənzərəsini aydın təsəvvür etməyə şərait yaratmaqla yanaşı, qarşıya çıxan problemlərin, mövcud nöqsanların da vaxtında və birlikdə aradan qaldırılmasına təminat verir.

Qeyd edilən proses ildən-ilə dərinləşir və hər il daha çox elmi-tədqiqat institutunun, ali təhsil müəssisəsi və elmi təşkilatın apardığı tədqiqat işləri ümumi hesabatlarda yer alır və müzakirə obyektinə çevrilir. Məsələn, 2008-ci ildə respublika üzrə illik hesabat və müzakirələrdə Azərbaycan Elmlər Akademiyasının elmi-tədqiqat institutlarından başqa, cəmi 9 ali məktəbin və sahə elmi-tədqiqat müəssisəsinin elmi fəaliyyətinin yekunları yer alıb. Bir az sonra, 2010-cu ilin hesabatında isə artıq 16 ali məktəbin və müxtəlif nazirliklərin tabeliyində fəaliyyət göstərən 15 sahə elmi-tədqiqat institutunda aparılan tədqiqat işləri müzakirəyə çıxarılıb. Milli Elmlər Akademiyasının bütün tarixi ərzində ilk dəfə olaraq, 2015-ci ildə ümumi yığıncaqda akademik elmi qurumlarla yanaşı, ölkəmizin demək olar ki, bütün ali təhsil ocaqlarının və sahə elmi-tədqiqat institutlarının hamısının hesabatları tam halda təqdim olunub. Bununla bərabər, 2015-ci ildə illik ümumi yığıncaqda Azərbaycan Milli Elmlər Akademiyası ilə yanaşı, Təhsil Nazirliyinin, Səhiyyə Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan elmi-tədqiqat institutlarının və elmi mərkəzlərin rəhbər heyəti və elmi-təşkilati qurumlarının məsul şəxslərinin yaxından iştirakı ilə keçirilmiş geniş müzakirələr ölkədə uğurla davam etdirilən elm siyasətinin mühüm nəticələrini meydana qoyub. Elmi-tədqiqat işlərinin mühüm elmi nəticələrinə görə 2015-ci il Azərbaycanın elm tarixində ən yüksək inkişaf göstəricilərinin qeyd olunduğu il kimi yadda qala bilər. İllik ümumi yığıncaqda Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin məruzəsində deyildiyi kimi, 2015-ci ildə beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, alimlərin xarici ölkələrə ezamiyyətlərinin təşkili baxımından yüksək nəticələr əldə olunub. Beləliklə, ölkə üzrə Azərbaycan elminin bütöv mənzərəsi canlandırılıb, əsas inkişaf istiqamətləri, əldə edilmiş mühüm elmi nəticələr diqqət mərkəzinə çəkilərək ümumiləşdirilib.

Müstəqillik illərində Azərbaycan elmi struktur-təşkilati cəhətdən də yeniləşir, təkmilləşdirilir və inkişaf edir. Azərbaycan Milli Elmlər Akademiyasının yeni bölmələrinin və elmi-tədqiqat institutlarının yaradılması və inkişaf etdirilməsi müstəqil dövlətçiliyin nailiyyətlərindəndir. XXI əsrdə Azərbaycan Milli Elmlər Akademiyasının yeni elmi bölmələrinin və regional elmi mərkəzlərinin yaradılması ölkəmizin inkişafında elm amilinin daha da güclənməsinə təkan verib. Naxçıvan Bölməsinin və Gəncə Bölməsinin təşkili, Lənkəran Regional Elmi Mərkəzinin fəaliyyətə başlaması, Humanitar və İctimai Elmlər bölmələrinin müstəqil bölmələrə çevrilməsi müasir elmin ölkə miqyasında inkişaf etdirilməsinə, yeni ziyalı mərkəzlərinin formalaşdırılmasına meydan açır. Elmi potensialına və əldə etdiyi mühüm elmi nəticələrə görə ulu öndər Heydər Əliyevin 2002-ci il 7 avqust tarixli Sərəncamı əsasında yaradılmış AMEA-nın Naxçıvan Bölməsi ölkəmizin əsas elmi mərkəzlərindən birinə çevrilib. Naxçıvan Bölməsinin əhatə etdiyi elmi-tədqiqat institutlarında hazırlanan çoxcildlik nəşrlər, monoqrafik tədqiqatlar sanballı ensiklopedik ədəbiyyatlar, antologiyalar və lüğətlər elmimizin daha da inkişaf etdirilməsinə və zənginləşdirilməsinə xidmət edir. Prezident İlham Əliyevin 2014-cü il 14 mart tarixli Sərəncamı ilə təsis edilmiş Gəncə Bölməsi elmin müxtəlif sahələri üzrə əldə etdiyi nəticələrlə yanaşı, nizamişünaslığın əsas mərkəzlərindən biri kimi də diqqəti cəlb edir. 1972-ci ildən fəaliyyət göstərən Şəki Regional Elmi Mərkəzində diyarşünaslıq və ipəkçilik üzrə aparılan tədqiqatlar regionun inkişafına kömək göstərir.

Bundan başqa, Azərbaycan Milli Elmlər Akademiyasında 2015-2016-cı illərdə yeni yaradılmış elmi-tədqiqat institutları ölkə elminin ən mühüm istiqamətlər üzrə inkişafında mühüm rol oynayır. Bu elmi-tədqiqat ocaqları: Molekulyar Biologiya və Biotexnologiyalar, Biofizika, Qafqazşünaslıq, Elm Tarixi institutlarında aparılan tədqiqatlar həm ölkə elminin inkişafına yeni töhfələr verir, həm də dünya elmi ilə inteqrasiya şəraitində beynəlxalq elmi proseslərdə alimlərimizin fəal iştirakına yol açır. Azərbaycan Milli Elmlər Akademiyasında fəaliyyət göstərən elmi-tədqiqat institutlarının demək olar ki, mütləq əksəriyyətində yeni şöbələr, sektorlar təşkil olunub, elmi jurnallar təsis edilib. Azərbaycan Respublikasının ali məktəblərində də müstəqillik dövrünün tələblərinə uyğun olaraq yeni açılmış ixtisaslar öz növbəsində təzə fakültə və kafedraların təşkil edilməsi ilə nəticələnib. Bu da yüksəkixtisaslı mütəxəssis hazırlığı ilə yanaşı, həm də elm sahələrinin genişləndirilməsinə, müasirləşdirilməsinə əhəmiyyətli dərəcədə təkan verib. Bu gün müstəqil Azərbaycanda çevik və universal ali məktəb elmi inkişaf etməkdədir. Respublika səviyyəsində ayrı-ayrı nazirliklərin nəzdində fəaliyyət göstərən elmi-tədqiqat institutları da məzmunca olduğu kimi, struktur və forma etibarilə də dəyişir, yeniləşir və modernləşdirilir.

Azərbaycan Milli Elmlər Akademiyasında, ali məktəblərdə və sahə institutlarındakı elmi müəssisələrin maddi-texniki bazası da ən müasir texnologiya və avadanlıqla yeniləşdirilib. Bu gün Azərbaycan elminin inkişaf etdirilməsi üçün ölkəmizdə hər cür şərait yaradılıb. Bütün bunlar həm də dünya elminə inteqrasiya üçün normal şərait yaradıb, elm sahəsində beynəlxalq əlaqələr genişlənib.

Elmin nailiyyətlərinin istehsalata, ölkə iqtisadiyyatına tətbiqi sahəsində də dönüş baş verib. Bəlli olduğu kimi, sovet hakimiyyəti dövründəki elmin nəticələrinin formal və məcburi, bəzən isə kağız üzərində olan tətbiqi “ənənəsinin” aradan qalxmasından sonra müstəqillik illərinin başlanğıcında istehsalat müəssisələrinin dağıdılması, fabrik və zavodların fəaliyyətini dayandırması ilə bu iş, demək olar ki, gündəlikdən çıxıb. Sonrakı illərdə böyük çətinliklər hesabına bərpa edilən sənaye və təsərrüfat müəssisələri isə daha çox müasir texnologiyalar və avadanlıqla təchiz olunmağa, məhsullarını bazara çıxarmaq axtarışlarına səy göstərməli olduqları üçün elmi nəticələrin tətbiqinə lazımi diqqət yetirə bilməyiblər. Özünümaliyyələşdirmə imkanları məhdud olan istehsalat müəssisələrindən bu istiqamətdə təşəbbüs gözləmək də çətin idi. Etiraf etmək lazımdır ki, Azərbaycanda müasir sənayeləşmənin və yeni təsərrüfat sisteminin təzədən qurulması xeyli vaxt tələb edib. Bütün bunlara görə elmin nəticələrindən iqtisadi proseslərdə istifadə müstəqillik dövrünün XXI əsrə aid olan illərindən etibarən ümumi bazarda özünə yer tapmağa başlayıb. Fikrimizcə, bu prosesin real olaraq tələbata çevrilməsi isə 2010-cu ildən sonrakı dövrün hadisəsidir. Belə ki, ayrı-ayrı elmi-tədqiqat institutlarındakı fərdi təşəbbüsləri, böyük həcmə malik olmayan addımları nəzərə almasaq, Milli Elmlər Akademiyası miqyasında böyük iqtisadi tutuma malik istehsalatda tətbiq edilməyə dair müqavilələr 2013-cü ildən sonra meydana çıxıb. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Milli Elmlər Akademiyasında 2013-cü ildə bağlanmış müqaviləyə əsasən AMEA-nın müvafiq elmi-tədqiqat institutları qurudakı neft yataqlarının yenidən qurulmasına və istehsalın səmərəliliyinin artırılmasına dair elmi layihələrini və təkliflərini tətbiq etmək imkanı qazanıb. Bunun ardınca 2014-cü ildə Daşkəsən filiz yataqlarının yenidən istismarında Milli Elmlər Akademiyası alimlərinin iştirakına yol açan daha bir kompleks müqavilə imzalanıb, axtarış-kəşfiyyat və texnoloji proseslərin müasir elmi üsullarla yenidən qurulması işlərinə start verilmişdir. Sonrakı vaxtlarda Naftalan neftindən kimyəvi maddələrin və tibbi dərmanların alınmasına dair elmi ideyalar və layihələr də istehsalatda öz yerini tapmağa başlayıb. Hazırda Milli Elmlər Akademiyasının ayrı-ayrı elmi-tədqiqat institutlarının alimləri Sumqayıtda yeni Kimya Kompleksinin yaradılmasında, respublika kənd təsərrüfatının inkişafına, aqrar sahədə nailiyyətlər qazanılmasına xidmət edən təbii gübrə istehsalının təşkilində elmi layihələrlə iştirak edirlər. Respublika üzrə yerli təbii xammal əsasında dərman bitkilərindən tibbi məqsədlər üçün istifadəyə aid elmi layihə və təkliflər Səhiyyə Nazirliyinin ali təhsil və elmi-tədqiqat müəssisələri ilə birlikdə hazırlanıb həyata keçirilməkdədir. Bundan başqa, ölkəmizdə yüksək informasiya texnologiyalarının tətbiqi vasitəsilə avtomatik elektron idarəetmə sistemlərinin təşkili, istehsalın ayrı-ayrı sahələrinin proqram təminatı və təchizatı üzə elmi layihələr də respublikamızın ayrı-ayrı dövlət qurumlarında və sənaye sahələrində, özəl şirkətlərində həyata keçirilir. Azərbaycan Milli Elmlər Akademiyası respublikamızda həyata keçirilməsi davam etdirilən “Elektron hökumət” proqramının əsas icraçılarından biridir. Alimlərimizin hazırladıqları “Elektron elm” layihəsi də akademik qurumların, ali məktəb və sahə elminin inkişafına xidmət edir. Son illərdə respublikamızın ali məktəblərində yaranan elmi ideyaların istehsalata tətbiqi istiqamətində atılan addımlar ölkə üzrə bu prosesin daha da genişlənməsinə səbəb olub. Hazırda ali məktəblərdə hazırlanan elmi layihələr, səmərəli təkliflər və alimlərin ixtiraları bazar iqtisadiyyatının qapısını döyür. Azərbaycan Respublikasının aparıcı universitetlərində 2014-2015-ci illərdə səmərəli təkliflərə görə alınan beynəlxalq səviyyəli və ölkə əhəmiyyətli patentlərin, səmərələşdirici təkliflərin sayının sürətlə artması ali məktəb elminin yalnız fənlərin tədrisi metodikası sahəsində yox, həm də istehsalata doğru inkişaf etməkdə olduğunun real göstəricisidir. Sahə elmi-tədqiqat institutlarında əhatə edilən istiqamətlər üzrə mikro elmi layihələrin, proqnozlaşdırma paketlərinin hazırlanıb tətbiq edilməsi və bu sahədə real nəticələrə nail olunması elmin nəticələrindən istifadə proseslərinin miqyasının genişləndirilməsinə təkan verir. Son vaxtlar akademik elmlə ali məktəb və sahə elminin qarşılıqlı əlaqələrinin yenidən qurulması, birgə elmi layihələrin və proqramların meydana çıxması elmin istehsalata doğru inkişafının daha da genişlənəcəyinə inam yaradır. Azərbaycan Milli Elmlər Akademiyasında fəaliyyət göstərən təcrübə-sənaye zavodunda elmi işçilərin konkret olaraq ölkədə rəqabətədavamlı məhsul istehsalatı ilə məşğul olmaları elmdə yeni innovasiya və sahibkarlıq mühitinin formalaşmasına kömək edir. Eyni zamanda, bəzi ali təhsil müəssisələrində və sahə elmi-tədqiqat institutlarında elmyönümlü təsərrüfathesablı klinikaların, tədris-təcrübə sahələrinin, layihə bürolarının, idman-sağlamlıq bazalarının yaradılması proseslərinin genişləndirilməsinin müşahidə olunması da real olaraq elm-təhsil və iqtisadiyyatın qarşılıqlı inteqrasiyasının yaranmasına müsbət təsir göstərir. Artıq ali məktəb elmi və sahə elmi də real istehsalata və ya istehsalat proseslərində iştirak etməyə doğru inkişaf edir.

Prezident İlham Əliyevin 2016-cı il avqustun 9-da təsdiq etdiyi “Elm haqqında” Azərbaycan Respublikasının Qanununda elmi-tədqiqat qurumlarının və elmi işçilərin innovativ təşəbbüslərinin və sahibkarlıq fəaliyyətinin hüquqi cəhətdən tənzimlənməsinə dair konkret müddəaların öz əksini tapması həmin prosesin bundan sonra daha da genişləndirilməsinə real təminat verir. Bu, alimlərimizin respublikamızın dövlət müstəqilliyini bərpa etdikdən sonra elm sahəsində əldə etdikləri yeni və mühüm səlahiyyətləridir. Çünki planlı dövlət idarəetməsinə əsaslanan keçmiş sovet cəmiyyətində akademiyaya və ya ali məktəblərə təsərrüfat hesabı ilə fəaliyyət göstərən, özünümaliyyələşdirən, əlavə gəlir gətirən müəssisələr yaratmaq imkanı verilə bilməzdi. Müstəqil dövlətçilik isə elmi fəaliyyət sahələrinin üfüqlərinin daha da genişləndirilməsinə, elmlə istehsalatın əlaqələrinin ən müasir mexanizmlərinin hazırlanıb tətbiq olunmasına yeni imkanlar açır. Buna görədir ki, Prezident İlham Əliyevin 2014-cü il dekabrın 13-də təsdiq etdiyi Milli Elmlər Akademiyasının Nizamnaməsində, bir sıra ali məktəblərimizin əsasnamələrində elm və təhsil qurumlarının nəzdində təsərrüfat subyektlərinin yaradılmasına və fəaliyyət göstərməsinə dair konkret maddələr vardır. “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu elmi-tədqiqat və ali təhsil müəssisələrində təsərrüfat-sənaye subyektlərinin, layihə, ekspertiza, informasiya, innovasiya mərkəzlərinin, fondlarının, bürolarının yaradılmasına hüquqi baxımdan təminat verir. Prezident İlham Əliyevin “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271 VQ nömrəli Qanunun tətbiqi barədə 2016-cı il avqustun 9-da imzalanmış Fərmanının 1.1.4-cü maddəsində elm sahəsində məşğul olunmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyənləşdirilməsinə dair rəsmi olaraq verdiyi konkret tapşırıqlar elmdə innovasiya və sahibkarlıq mühitinin inkişaf etdirilməsinə göstərilən dövlət qayğısının əməli ifadəsidir. Zamanın və müasir inkişafın tələbi kimi meydana çıxan bu ideyalar Azərbaycan elminin yeni cəmiyyətin daha da inkişaf etdirilməsi və modernləşdirilməsində daha yaxından və fəal surətdə iştirakını şərtləndirir. Müstəqillik yollarında irəliyə doğru inkişafın real tələbatı və təbii məntiqi də elmin cəmiyyətdəki rolunu ön mövqeyə çəkir. Buna görədir ki, Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi mərasimindəki nitqində müasir cəmiyyətin yüksək inkişafında elm amilinin roluna və əhəmiyyətinə xüsusi diqqət yetirərək deyib: “Mən çox istəyirəm ki, Azərbaycan alimləri gələcəkdə də ölkəmizin hərtərəfli inkişafında daha fəal rol oynasınlar. Çünki ölkəmizin gələcəyi elmi potensialın səviyyəsi ilə bilavasitə bağlıdır. Hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf elmin səviyyəsi ilə bağlıdır. Bu gün yeni texnologiyalar əsridir. O ölkələr ki, bu texnologiyaların sahibidir, əlbəttə, onlar dünya miqyasında öz maraqlarını daha böyük dərəcədə ifadə edə bilirlər. Azərbaycan da o ölkələrin sırasında olmalıdır”.

…Bu gün biz iqtisadiyyatın yeni modeli haqqında düşünürük… Çox istərdim ki, alimlərimiz də bu işlərdə fəal iştirak etsinlər”.

Azərbaycan Respublikasında elm haqqında müvafiq qanunvericilik bazasının formalaşdırılması istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər ölkəmizdə elmi fəaliyyətin düzgün təşkilinə və istiqamətləndirilməsinə, dünya təcrübəsi ilə məqsədyönlü şəkildə əlaqələndirilməsinə geniş imkanlar açır. Respublikamızın müstəqillik qazanmasına baxmayaraq, Milli Elmlər Akademiyasının uzun dövr ərzində keçmiş sosializm cəmiyyəti zamanı hazırlanmış Nizamnaməsinin redaktə edilərək müasir mərhələyə uyğunlaşdırılmış versiyasından istifadə olunması normal elmi proseslərin inkişaf etdirilməsinə tam şərait yarada bilmirdi. Bunu nəzərə almaqla Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 2013-cü il sentyabrın 15-də keçirilmiş iclasında bu dövlət ali elmi təşkilatının yeni Nizamnaməsinin hazırlanması haqqında qərar qəbul edilib. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin sədrliyi ilə yaradılmış Nizamnamə Komissiyası tərəfindən müstəqillik dövründə ölkə elminin reallıqlarına və inkişaf perspektivlərinə uyğun olan, habelə dünya təcrübəsindəki müsbət dəyişiklikləri yaradıcı şəkildə əks etdirən yeni Nizamnamə layihəsi hazırlanıb. Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclaslarında, müxtəlif akademik elmi qurumlarda geniş müzakirə edildikdən sonra Akademiyanın 30 iyun 2014-cü il tarixli yığıncağında qəbul edilmiş yeni Nizamnamə layihəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 dekabr 2014-cü il tarixli Fərmanı ilə təsdiq olunmuşdur. Bu, Azərbaycan Milli Elmlər Akademiyasının müstəqillik dövrünün ilk Nizamnaməsi kimi ölkəmizdə fundamental və tətbiqi elmlərin inkişaf etdirilməsi ilə yanaşı, elmdə innovasiya və sahibkarlıq fəaliyyətinin də inkişaf etdirilməsinə hüquqi təminat verən əhəmiyyətli bir sənəddir.

Azərbaycan Respublikasının Milli Məclisində “Elm haqqında” Qanun layihəsi üzərində aparılan çoxillik səmərəli iş, geniş tərkibdə ölkə ictimaiyyəti ilə, həmçinin Elm və təhsil Komitəsində keçirilmiş müzakirələr, müasir mərhələdə dünya elmində gedən proseslərin yaradıcılıqla öyrənilməsi, meydana çıxan yeni təşəbbüslərin dəyərləndirilməsi elmi fəaliyyətin qanunvericilik bazasının yaradılmasına imkan verib.

Azərbaycan Respublikasının “Elm haqqında” Qanununun 2016-cı ildə qəbul edilməsi ölkəmizdə müstəqil elm siyasətinin aparılmasına tam hüquqi-siyasi təminat verir. Bütövlükdə 7 fəsil və 40 maddədən ibarət olan “Elm haqqında” Qanunda elmi fəaliyyət sahəsində dövlət siyasətinin prinsipləri, məqsədləri və prioritetləri, elmi işçilərin hüquqları, vəzifələri və sosial müdafiəsi, elmi müəssisələrin və təşkilatların funksiyaları, ali məktəb və sahə elminin fəaliyyət istiqaməti, yüksəkixtisaslı kadr hazırlığı sahəsində dövlət siyasətinin əsasları, elmi fəaliyyətin idarəolunması, elmdə sahibkarlıq və innovasiya fəaliyyətinin imkanları, beynəlxalq elmi əməkdaşlığın yolları və sair kimi məsələlər öz əksini tapıb. Bu, müstəqillik dövrü Azərbaycan elminin mükəmməl nizamnaməsidir. “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu elmimizin milli dövlətçilik maraqları və bəşəri meyarlar əsasında inkişaf etdirilməsinə geniş üfüqlər açır.

Azərbaycan elmi, ölkəmizin akademik elmi qurumları və alimləri bundan sonra elmi fəaliyyətlə müasir cəmiyyət quruculuğunun inkişaf etdirilməsini daha yaxından əlaqələndirməli və səylərini genişləndirməlidirlər.

Müstəqillik dövründə Azərbaycanda yüksəkixtisaslı elmi kadrların hazırlanması sahəsində də mühüm nailiyyətlər qazanılıb. İlk növbədə Azərbaycan Respublikasında elmi dərəcələrin və elmi adların dünya standartlarına uyğunlaşdırılması işi həyata keçirilib, buna uyğun olaraq dissertasiya şuraları yaradılıb və fəaliyyəti təmin edilib. Artıq Azərbaycan Respublikasının elm və ali təhsil müəssisələrində demək olar ki, elmin bütün sahələri üzrə dissertasiya şuralarında elmi dərəcələrə malik yüksəkixtisaslı mütəxəssislər hazırlanır.

Elmi dərəcələrin dünya təcrübəsində olduğu kimi “elmlər doktoru” və “fəlsəfə doktoru” dərəcələri ilə hazırlanmasına qərar verilməsi bu sahədə beynəlxalq təcrübəyə uyğun olaraq vahid standartların tətbiq edilməsi vəzifəsini qarşıya qoyub. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının ölkə rəhbəri tərəfindən təsdiq edilmiş Əsasnaməsi ölkəmizdə müstəqillik dövrünün mili dövlətçilik prinsiplərinə və bəşəri dəyərlərə yiyələnmiş yeni tipli yüksəkixtisaslı mütəxəssislərinin hazırlanmasını tənzimləyir. Müstəqillik illərində akademik qurumlarda və ali məktəblərdə fəaliyyət göstərən dissertasiya şuralarında Azərbaycanın elmi dərəcələrə layiq görülən yeni nəsil alimlər ordusu formalaşdırılıb. Hazırda Azərbaycan Respublikasında elmin müxtəlif sahələri üzrə 2.495 elmlər doktoru, 11.874 elmlər namizədi çalışmaqdadır. Azərbaycan Milli Elmlər Akademiyasına keçirilmiş seçkilərdə akademiklərin və müxbir üzvlərin də yeni nəsli yaranıb. İndi Azərbaycan Milli Elmlər Akademiyasının 63 həqiqi üzvü və 113 müxbir üzvü müxtəlif elm sahələrində uğurla fəaliyyətlərini davam etdirirlər. Elmin ən yeni və müasir istiqamətləri üzrə də yüksəkixtisaslı, elmi dərəcələrə malik mütəxəssislərin hazırlanması Azərbaycanın dövlət müstəqilliyinin mühüm nailiyyətidir.

Ölkəmizin alimləri beynəlxalq miqyasda keçirilmiş elmi konfrans, simpozium və qurultaylarda Azərbaycan elmini layiqincə təmsil edirlər. Eyni zamanda, respublikamızda davamlı olaraq beynəlxalq səviyyəli elmi tədbirlər keçirilir, müasir dünyanın və respublikamızın, xalqımızın, regionun ən aktual problemləri müzakirə edilir. Azərbaycan alimlərinin elmin ən mühüm nəticələrini və nailiyyətlərini əks etdirən əsərləri dünyanı nüfuzlu nəşriyyatlarında və impakt faktorlu jurnallarında çap olunur. Artıq Azərbaycanda da beynəlxalq standartlara cavab verən impakt faktorlu elmi jurnalların nəşrinə nail olunması son illərin mühüm elmi nailiyyətlərindən biri sayılmağa layiqdir. Bakı Dövlət Universitetində, Milli Elmlər Akademiyasının Mexanika və Riyaziyyat İnstitutunda, Xəzər Universitetində çap olunan impakt faktorlu elmi jurnallar ölkə elminin mühüm göstəriciləri sırasında dayanır.

Akademiyanın inkişaf tarixində ilk dəfə olaraq 2014-cü ildə Bakı Elm festivalının təşkil edilməsi elmin nailiyyətlərinin geniş ictimaiyyətə çatdırılmasında böyük rol oynayıb. Azərbaycan alimlərinin Birinci Qurultayının keçirilməsi elm tariximizin mühüm hadisəsi olmaqla yanaşı, həm də müasir dövrdə elmin inkişafının yeni üfüqlərinə işıq salıb. “Akademiya marşı”nın yaradılması və ilk dəfə Bakı Elm festivalında səsləndirilməsi də diqqəti cəlb edən addımdır.

Müstəqil Azərbaycan dövlətinin ideoloji əsaslarını təşkil edən azərbaycançılıq məfkurəsi ölkəmizdə elmi fəaliyyətin də istiqamətlərini və hədəflərini müəyyənləşdirir. Müstəqil Azərbaycan Respublikasının daha da inkişaf etdirilib möhkəmləndirilməsinə, müasir elmi məktəblərin və yeni elmi nəsillərin formalaşdırılmasına, dünya birliyində xalqımızın və ölkəmizin tanıdılmasına xidmət etmək müasir Azərbaycan elminin şərəf işi və vəzifəsidir.

Azərbaycan elmi müstəqil dövlətçiliyin yaratdığı geniş imkanların işığında irəliyə doğru inkişaf edir və ölkəmizin müasir inkişafına töhfələr verir.

İsa Həbibbəyli

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,

Milli Məclisin elm və təhsil komitəsinin sədri, akademik

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.