ELM VƏ TƏHSİL
“Müstəqillik dövründə Azərbaycanda kitabxana işi” kitabı: elmlə təhsilin inteqrasiyasına mühüm töhfə
Bakı, 30 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun təşkilati və elmi dəstəyi ilə “Müstəqillik dövründə Azərbaycanda kitabxana işi” kitabı çapdan çıxıb.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı ilə nəşr edilən kitabda ilk dəfə dövlət kitabxana siyasətinin elmi-metodoloji əsasları, qanunvericilik təminatı, prinsipləri, məqsəd və vəzifələri araşdırılır, habelə müasir kitabxana və informasiya xidmətinin təşkili problemləri təhlil olunur.
Nəşr kitabxana işçiləri, bu sahə ilə məşğul olan gənc tədqiqatçılar, eləcə də mədəniyyət və kitabxanaçılıq təhsili müəssisələrinin müəllimləri və tələbələri üçün nəzərdə tutulub.
“Gənc kitabşünasların, biblioqrafiyaşünasların və kitabxanaşünasların elmi fəaliyyətinə dəstək” layihəsi çərçivəsində hazırlanmış kitabın tərtibçisi Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsinin tələbəsi Hacı Qasımlıdır. Nəşrin elmi məsləhətçisi Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmlər doktoru Aybəniz Əliyeva-Kəngərlidir