SİYASƏT


Müstəqillik dövründə Neftçala sürətlə inkişaf edib  FOTOREPORTAJ

A+ A

Neftçala, 5 yanvar, Mahir Babayev, AZƏRTAC

Dövlət müstəqilliyimizin bərpasından ötən 25 il ərzində ölkəmiz böyük və uğurlu inkişaf yolu keçib. Sosial-iqtisadi inkişafımızın fonunda şəhər və rayonlarımız simasını dəyişib, nəzərəçarpacaq dərəcədə gözəlləşib. Yeni parklar, bağlar salınıb, yaşayış binaları inşa edilib, yollar çəkilib, küçələr abadlaşdırılıb.

AZƏRTAC xəbər verir ki, regionlardakı inkişafı Neftçala rayonunun timsalında daha aydın görmək olar.

Tarixi baxımdan qısa müddət olan 25 il ərzində Neftçala böyük inkişaf yolu keçib. Rayonun qəsəbə və kəndlərində irimiqyaslı abadlıq-quruculuq işləri aparılıb, əhalinin məşğulluğunu təmin etmək məqsədi daşıyan, həmçinin kiçik və orta sahibkarlığın inkişafına təkan verən məhsul istehsalı və emalı müəssisələri yaradılıb, digər infrastruktur layihələr həyata keçirilib.

Neftçalada aparılan geniş tikinti, abadlıq və quruculuq işləri rayonun simasını büsbütün dəyişib, park və xiyabanlar yenidən qurulub, yeni inzibati binalar istifadəyə verilib.

Abadlıq və quruculuq işləri çərçivəsində şəhərin Heydər Əliyev prospekti müasir üslubda yenidən tikilib, prospekt boyu yeni istinad divarları çəkilib. Prospektin mərkəzi hissəsində saat qülləsi inşa olunub, yeni işıqlandırma sistemi qurulub. Yarım hektar ərazidə Şəhidlər kompleksi salınıb.

İki hektar ərazidə rayon icra hakimiyyəti, 6,2 hektar ərazidə isə ulu öndər Heydər Əliyevin adını daşıyan Mərkəz üçün yeni inzibati binalar tikilib istifadəyə verilib. Fəvvarə kompleksləri və yaşıllıq zolaqları yeni tikililərin orijinallığını daha da artırır.

Heydər Əliyev prospekti və şəhərin giriş yolları genişləndirilib, 20–dən çox yaşayış binasının dam örtüyü dəyişdirilib, fasad hissəsi müasir üslubda yenidən qurulub.

Kür çayının sahilində 2,7 hektar ərazidə Bayraq meydanı inşa edilib. Çayın sağ sahilində isə Heydər Əliyev prospektinə bitişik ərazidə 2 hektarda bulvar kompleksi salınıb. Əhalinin istirahət yerinə çevrilən bulvarın gələcəkdə daha da uzadılması nəzərdə tutulub.

Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq Neftçala Sənaye Məhəlləsi yaradılıb.

Rayon mərkəzindən 5 kilometr məsafədə, Salyan-Neftçala magistral yolunun kənarında inşa edilən Sənaye Məhəlləsinin fəaliyyətə başlaması ilə rayonda yeni iş yerləri açılıb, əhalinin məşğulluq səviyyəsi xeyli yüksəlib. Yeni investisiyaların qoyulması və istehsalın çoxalması nəticəsində rayonun iqtisadi imkanları artıb.

Bu il avqustun 6-da Sənaye Məhəlləsində Azərbaycanın “Azevrocar” MMC-nin İran İslam Respublikasının “İran Khodro” şirkəti ilə əməkdaşlığı çərçivəsində dəyəri 15 milyon ABŞ dolları olan layihə üzrə avtomobil istehsalı zavodunun təməli qoyulub. İstehsal gücü ildə 10 min ədəd avtomobil olacaq zavodda 300 yeni iş yerinin yaradılması nəzərdə tutulub. Zavod 2018-ci ilə qədər istifadəyə veriləcək.

Müstəqillik illərində rayonda 10 məktəb binası tikilib, 3-ü əsaslı təmir olunub. Doqquz korpusdan ibarət olan rayon mərkəzi xəstəxanası əsaslı təmir olunaraq ən müasir tibbi avadanlıq və inventarla təchiz olunub.

Neftçalada Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 60 mənzilli bir bina, 12 fərdi yaşayış evi, Kənd Təsərrüfatı Nazirliyinin Regional Baytarlıq İdarəsi və Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi üçün inzibati binalar tikilib istifadəyə verilib. İldə 5 milyon ədəd nərə cinsli körpə balıq yetişdirən Xıllı Nərə Balıqartırma Zavodu işə salınıb, yod zavodu yenidən qurularaq istehsal gücü artırılıb.

Ötən dövrdə rayonun 24 kəndi qazlaşdırılıb. Yaşayış məntəqələrini fasiləsiz qazla təmin etmək məqsədilə Astara-Qazıməmməd magistral qaz xəttindən saatda 21 min kubmetr qazötürmə gücünə malik 30 kilometr uzunluğunda yeni xətt çəkilib, rayonun Xol zonasında 15 min hektar torpaq sahəsini suvarma suyu ilə təmin etmək üçün 25 kilometr uzunluğunda magistral kanal tikilir.

Dövlətimizin başçısı tərəfindən həyata keçirilən uğurlu və məqsədyönlü siyasət nəticəsində ölkəmizin iqtisadiyyatı sürətlə inkişaf edir. Ümumi inkişafımızda öz payı olan Neftçala rayonu bu tərəqqiyə sanballı töhfəsini verməkdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.