SİYASƏT
Müstəqillik illəri Şəmkirin simasını və həyatını tanınmaz dərəcədə dəyişib - FOTOREPORTAJ
Şəmkir, 28 dekabr, Famil Quliyev, AZƏRTAC
Müstəqillik əldə etdikdən sonra respublikamızın hər bir bölgəsində böyük sosial-iqtisadi inkişaf baş verib. Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən qətiyyət və ardıcıllıqla həyata keçirilməsi nəticəsində şəhər və kəndlərimiz öz simasını tanınmaz dərəcədə dəyişib, sakinlərin həyat səviyyəsi yüksəlib. Bütün bunları Şəmkir rayonunun timsalında da aydın görmək olar.
Ötən 25 ildə rayonda gözəl parklar, istirahət və əyləncə mərkəzləri, idman obyektləri, ictimai iaşə müəssisələri, yeni məktəblər, uşaq bağçaları istifadəyə verilib, küçələr və məhəllələr abadlaşdırılıb, bir çox tarixi abidələr bərpa olunub.
İqtisadiyyatın inkişafına yönəlmiş ardıcıl tədbirlər sayəsində rayonda sənaye istehsalının həcmi 38,4 dəfə, əsas kapitala yönəldilən investisiyalar 218 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 45,7 dəfə, ixracın həcmi 198 dəfə, pərakəndə əmtəə dövriyyəsi 58 dəfə, əhalinin gəlirləri 42 dəfə, orta aylıq əməkhaqqı 22 dəfə artıb. Hazırda rayonda 68 sənaye müəssisəsi fəaliyyət göstərir ki, onların da 49-u müstəqillik illərində yaradılıb. Onların sırasında Zəyəm Texnologiyalar Parkının xüsusi yeri var. Ən yeni texnoloji avadanlıqla təchiz olunan park ölkəmizin qərb bölgəsində müasir istehsal metodlarına əsaslanan mühüm sənaye mərkəzlərindən birinə çevrilib. Burada ilk dəfə olaraq, müasir istixana konstruksiyalarının, istixana nəmləndirmə sisteminin, damcı üsulu ilə suvarma avadanlıqlarının, isitmə qazan və kollektorlarının istehsalına və quraşdırılmasına başlanılıb. Müəssisənin məhsulları ölkə bazarları ilə yanaşı, Türkiyə və Rusiyaya da ixrac olunur.
Şəmkirçay su anbarının istifadəyə verilməsi kənd təsərrüfatının inkişafına münbit şərait yaradıb. Anbar Gəncə, Şəmkir və Samux rayonlarının içməli su ilə təchizatını, eləcə də 10 minlərlə hektardan çox sahənin əkin suyuna olan ehtiyacının ödənilməsini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Yaxud rayondakı 42 bələdiyyənin nəzdində yaradılmış 45 məhdud məsuliyyətli cəmiyyət, o cümlədən “Ceyrançöl” MMC ölkənin kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsində xüsusi rol oynayır.
Dövlətimizin başçısının tapşırığı ilə ölkəmizdə yaradılan iki müasir aqroparkdan biri Şəmkirdədir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində inşa olunan Şəmkir aqroparkında kiçik fərdi istehsalçı səviyyəsindən genişmiqyaslı aqrar sənaye istehsalına keçid, innovativ texnologiyaların tətbiqi, xarici bazara çıxışın təmin edilməsi əsas məsələ kimi qarşıya qoyulub.
Şəmkirin Sarıtəpə kəndi yaxınlığında yerləşən “AzAqro” MMC-yə məxsus sahəsi 2,5 hektar sahəsi olan istilikxana kompleksində il ərzində 2 milyon ədəd gül yetişdirilir. Məhsullar yerli tələbatı ödəməklə yanaşı, Rusiya bazarlarına çıxarılır.
“Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi, Dövlət Bayrağı Muzeyi, Heydər Əliyev Mərkəzi, “Oksford” məktəbi də müstəqillik illərinin yadigarlarıdır.
Ötən 25 ildə rayonda bir sıra infrastruktur layihələri də uğurla icra olunub. Avtomobil yollarının yenidən qurulması, yaşayış məntəqələrinin qazlaşdırılması, içməli su xətlərinin çəkilməsi bu qəbildəndir.
Təqdim olunan fotoreportajda Şəmkirin inkişafını, bugünkü simasını əyani şəkildə görmək olar.