SİYASƏT
Müstəqilliyimiz üçün yaranan təhlükələr Ulu Öndərin uzaqgörən siyasəti sayəsində aradan qaldırıldı
Sumqayıt, 13 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Oktyabrın 13-də Sumqayıt Dövlət Universitetinin (SDU) Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş “Müstəqillik illərində Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni inkişafı” mövzusunda respublika elmi konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək konfransa 22 elm və təhsil müəssisəsindən 172 məruzə təqdim olunub.
Konfransı universitetin elm və innovasiyalar üzrə prorektoru Ramazan Məmmədov açaraq, 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə iştirakçıları təbrik edib. Prorektor bildirib ki, Sovet İttifaqının süqutu Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci ilin oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Lakin müstəqilliyimizi qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Ölkədə özbaşınalıq, xaos hökm sürür, vətəndaş müharibəsi təhlükəsi yaşanır, düşmən isə torpaqlarımızı işğal edirdi. Bir sözlə, bərpa edilən müstəqilliyimiz üçün böyük təhlükə yaranmışdı. Azərbaycanı düşdüyü bu ağır böhrandan yalnız dahi siyasətçi Heydər Əliyev çıxara bilərdi. Xalqın təkidli tələbi ilə Ulu Öndər respublika rəhbərliyinə gətirildi, müstəqilliyimiz üçün təhlükələr dahi rəhbərin uzaqgörən siyasəti və qətiyyəti sayəsində aradan qaldırıldı. Sevindirici haldır ki, Ulu Öndərin ideyaları bu gün də yaşayır. Onun siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gündən-günə daha da güclənir, qüdrətlənir.
Konfransda SDU-nun tarix və coğrafiya fakültəsinin dekanı Adil Baxşəliyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin ümumi tarix kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Vəli Əliyev və bir sıra ali məktəblərin tarixçi alimləri çıxış edərək, 25 il əvvəl bərpa edilən müstəqilliyin qorunmasından, ötən müddətdə ölkəmizin beynəlxalq aləmdə qazandığı uğurlardan söhbət açıblar.
Konfrans işini bölmələr üzrə davam etdirib.