REGİONLAR


Müstəqilliyimizin bərpa edilməsi xalqımızın ən böyük nailiyyətidir

A+ A

Naxçıvan, 18 oktyabr, Tural Kəngərli, AZƏRTAC

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Qarnizonunun şəxsi heyətinin iştirakı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbirdə Əlahiddə Ümumqoşun Ordusunun zabiti, polkovnik Mirqiyas Rüstəmov çıxış edərək bildirib ki, Azərbaycanda dövlət və ordu quruculuğu prosesi ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda başlanılıb. 1991-ci il sentyabrın 7-də sovet ordusunun burada yerləşən hərbi hissəsinin bazasında Naxçıvan Müdafiə Komitəsi yaradılıb, 1992-ci il sentyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasının müdafiəsinin və sərhədlərinin qorunmasının təşkili haqqında” Qərar qəbul edilib. Həmin il oktyabrın 9-da isə Naxçıvan şəhərində ilk hərbi parad keçirilib.

Bu gün müstəqil ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlərin Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirildiyini qeyd edən Mirqiyas Rüstəmov deyib ki, dövlətimiz Naxçıvanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsini daim diqqət mərkəzində saxlayır. 2013-cü il dekabrın 18-də Əlahiddə Ümumqoşun Ordusunun yaradılması ilə birlikdə Naxçıvanın müdafiə potensialının, hərbi hissələrin döyüş hazırlığının daha da yüksəlməsinə əsaslı zəmin yaranıb. Bu gün hər birimiz ordumuzun gücü, qüdrəti ilə fəxr edirik. Müstəqil Azərbaycanın inkişafı, ordumuzun qüdrəti və ölkəmizdə xalq-ordu birliyinin möhkəmliyi deməyə əsas verir ki, müstəqilliyimizin qarantı olan ordumuz işğal altındakı torpaqlarımızı geri qaytarmaq qüdrətindədir.

Mirqiyas Rüstəmov bayram münasibətilə əsgər və zabitləri təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə “18 oktyabr Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası günüdür” mövzusunda çıxış edən Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin xalqımızın ən böyük nailiyyəti olduğunu vurğulayıb.

Oruc Həsənli qeyd edib ki, 1991-ci ilin oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edilsə də, Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra əldə edib. Məhz Ulu Öndərin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı, müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf mərhələsinə qədəm qoydu.

Sonra tədbirdə Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseyin kursantı Sahib Əliyevin, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşı Yaşar Rəhimovun çıxışları olub.

Çıxışlarda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra keçdiyi inkişaf yolu və əldə olunan nailiyyətlərdən danışılıb. Qeyd edilib ki, ölkəmizdə güclü, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafı məhz ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Tədbirin bədii hissəsində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının yaradıcı heyəti tərəfindən Nəriman Nərimanovun “Nadir Şah” pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş etdirilib.

Tamaşa tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.