SİYASƏT


Müstəqilliyin 25 ili: gəncləşən, müasirləşən Mingəçevir FOTOREPORTAJ

A+ A

Mingəçevir, 4 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Mingəçevirin müasir bir şəhər kimi formalaşması, regionda enerji nəhənginə çevrilməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Hələ sovet hakimiyyəti illərində Mingəçevirdə elektroenergetika, elektrotexnika, kimya, maşınqayırma, yüngül və yeyinti sənayesi sahələri yaradılmışdı. Lakin dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə yaranmış böhran ölkənin dördüncü sənaye şəhəri olan Mingəçevirdə də həyatın ritmini pozmuş, zavod və fabriklər bir-birinin ardınca fəaliyyətini dayandırmışdı. Bu vəziyyət dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışına qədər davam etdi. Ölkədə xaos və anarxiyanın qarşısı alındı, bölgələrin, o cümlədən Mingəçevirin sosial-iqtisadi inkişafı istiqamətində tədbirlər görülməyə başlanıldı.

Şəhərin sənaye potensialını nəzərə alan dahi şəxsiyyət Heydər Əliyev Mingəçevirə xüsusi diqqət ayırırdı. Bu diqqət və qayğı sonradan Prezident İlham Əliyev tərəfindən də davam etdirildi. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, dövlətimizin başçısı son 12 ildə Mingəçevirə altı dəfə səfər edib. Prezidentin hər səfəri şəhərin inkişafında silinməz izlər qoyub, mühüm tədbirlərlə əlamətdar olub.

Mingəçevir ötən 25 ildə tənəzzüldən tərəqqiyə doğru böyük inkişaf yolu keçib və sənaye şəhəri kimi şöhrətini geri qaytarmağa başlayıb. Bu illərdə “Kür” elektron avadanlıqları istehsalı, “İnterenerji” yüksəkgərginlikli elektrik beton dayaqları, mərmər və asfalt zavodları istifadəyə verilib, “Azneftmaş”, “Mingəçevir izolit”, “Mingəçevir maşınqayırma” zavodları müasir avadanlıqlarla təchiz edilərək yenidən fəaliyyətə başlayıb.

Azərbaycan İstilik Elektrik Stansiyasının enerji blokları yenidən qurulub, elektrik enerjisi istehsalı xeyli artıb. Mingəçevir Su Elektrik Stansiyasının və su anbarının yeni texnologiya əsasında müasir təhlükəsizlik sistemi yaradılıb.

Sənaye ilə yanaşı, şəhər həyatının demək olar hər bir sahəsində mühüm dəyişikliklər və yeniliklər baş verib. Bu inkişaf təhsil, səhiyyə və mədəniyyət sahələrində daha qabarıq nəzərə çarpır. Mingəçevir Politexnik İnstitutu, Tibb Kolleci, Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialı, Turizm Kolleci müstəqillik dövrünün bəhrələridir. Artıq mingəçevirli gənclərin bir çoxu seçdikləri ixtisasa doğma şəhərdə yiyələnə bilirlər. Həmçinin 3 lisey fəaliyyətə başlayıb, 5, 15, 19 və 20 saylı orta məktəblər üçün yeni binalar tikilib, bir çox məktəb binaları əsaslı təmir olunub.

Şəhər sakinləri müasir və keyfiyyətli tibbi xidmətlə təmin olunub. Hazırda Mingəçevirdə vərəm, onkoloji, narkoloji, psixonevroloji dispanserlər və doğum evi fəaliyyət göstərir. Mərkəzi Xəstəxananın binası əsaslı təmir olunub, müasir tibbi avadanlıqlarla təchiz edilib.

Ötən 25 il Mingəçevirin mədəni həyatında da əlamətdar hadisələrlə yadda qalıb. Həmin müddətdə Mingəçevir şəhər 3 saylı musiqi məktəbi, Şəhidlərin Xatirə Muzeyi, Heydər Əliyev Mərkəzi, şahmat məktəbi və digər obyektlər tikilərək istifadəyə verilib. Dövlət Dram Teatrının binası əsaslı təmir edilib, Tarix Muzeyi, “Gənclər evi” yeni və müasir binaya köçürülüb, şəhər parklarında yenidənqurma işləri aparılıb, bayraq meydanı inşa edilib.

Sosial sahədə baş verən yeniliklərə gəlincə, Mingəçevir-Xaldan avtomobil yolu yenidən qurulub, şəhər və ətrafdakı yeni yaşayış massivləri bütünlüklə qazlaşdırılıb, əhalinin daimi elektrik enerjisi, ekoloji cəhətdən təmiz içməli su ilə təmin edilməsi və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində tədbirlər görülüb.

Mingəçevirdə son illər idmanın inkişafı ilə bağlı görülən işlər öz bəhrəsini verməkdədir. Prezident İlham Əliyevin tapşırığına əsasən 5100 tamaşaçı tutumu olan Mingəçevir şəhər stadionu əsaslı təmir edilib, “Kür” Olimpiya Tədris-İdman Mərkəzi üçün dünya standartlarına uyğun müasir bina tikilib. Bu mərkəz regionda, eləcə də MDB məkanında bənzəri olmayan avarçəkmə bazasıdır. Təsadüfi deyil ki, Mingəçevir birinci Avropa Oyunları çərçivəsində avarçəkmə idman növü üzrə yarışlara uğurla ev sahibliyi edib. Avarçəkmə bazası, Kür çayının sahilində inşa olunan beşulduzlu otellər şəhərdə turizmin inkişafına təkan verib.

Şəhərin həyatında əlamətdar hadisələrdən biri də Prezident İlham Əliyevin iştirakı ilə bu il sentyabrın 21-də Mingəçevir Sənaye Parkının təməlinin qoyulması olub. Ümumilikdə 14,8 hektar ərazidə salınacaq sənaye parkında pambıq iplik, akril iplik, yun iplik, corab məhsulları, ayaqqabı istehsalı, toxuma, parça boyama, tikiş və tibbi kosmetika müəssisələri inşa ediləcək. Burada ilkin mərhələdə 2 min iş yeri yaradılacaq. Sənaye parkı tam gücü ilə fəaliyyətə başladıqdan sonra iş yerlərinin sayı 5,5 minə çatdırılacaq. Qeyd etmək yerinə düşər ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində Mingəçevirdə indiyədək 15 minə yaxın daimi iş yeri açılıb.

Mingəçevirdə Yüksək Texnologiyalar Parkının yaradılması da nəzərdə tutulur. 1,3 hektar ərazidə qurulacaq parkda innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənməsi və ya təkmilləşdirilməsi məqsədilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, eyni zamanda, onların nəticələrinin tətbiqi mümkün olacaq.

Əminliklə demək olar ki, Mingəçevir yaxın gələcəkdə nəinki Azərbaycanın, eləcə də Qafqaz regionunun ən böyük sənaye mərkəzlərindən birinə çevriləcək.

Təqdim olunan fotoreportajda şəhərin müstəqillik illərindəki inkişafı və müasir siması əksini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.