SİYASƏT
Müstəqilliyin 25 ili: gözəlləşən, abadlaşan İsmayıllı FOTOREPORTAJ
İsmayıllı, 22 noyabr, Adil Ağayev, AZƏRTAC
Dövlət müstəqilliyinin bərpasından ötən 25 ildə İsmayıllı rayonu böyük inkişaf yolu keçib, tanınmaz dərəcədə dəyişib və müasirləşib. Xüsusən ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkənin hər yerində olduğu kimi, dağlar qoynunda yerləşən İsmayıllıda da həyat öz axarına düşüb, tikinti-abadlıq işləri geniş vüsət alıb.
İsmayıllının iqtisadiyyatında taxılçılıq və heyvandarlıq əsas yer tutur. Son iyirmi ildə rayonda taxıl istehsalı 39 min 900 tondan 104 min 800 tona çatıb, ət istehsalı 4 min 960 ton, süd 15 min 783 ton artıb. Təsərrüfatın digər sahələrində də böyük dönüş yaranıb. Belə ki, kartof istehsalı 173 tondan 6 min 617 tona, meyvə istehsalı 218 tondan 8 min 59 tona çatıb. Bu gün rayon fermerləri daxili tələbatı ödəməklə yanaşı, ölkə bazarlarına da kənd təsərrüfatı məhsulları çıxarırlar.
Bölgədə sənayenin inkişafı istiqamətində də əhəmiyyətli addımlar atılıb. Velosiped zavodu, tikiş fabriki, emal müəssisələri rayonun sənaye xəritəsində yer alan yeni ünvanlardır.
Müstəqillik illərində demək olar, rayonun bütün infrastrukturu yenidən qurulub. İnsanların rahatlığı, təsərrüfat işlərinin ahəngdarlığı üçün xüsusi önəm daşıyan rahat yollar çəkilib. Buna İsmayıllı-İvanovka-Hacıhətəmli, İsmayıllı-Göytəpə-Qalınçaq, İsmayıllı-Qaraməryəm yollarını misal göstərmək olar. Rayonda tikilmiş iki su elektrik stansiyası əhalinin dayanıqlı enerji təchizatında önəmli rol oynayır. Sakinlərin 67 faizi təbii qazdan istifadə edir, yaşayış məntəqələrində 20-dən çox artezian quyusu qazılıb. Həmçinin rayonda 22 yeni məktəb binası tikilib, 15-dən çox təhsil ocağı əsaslı təmir olunub, neçə-neçə kənddə xəstəxana, həkim məntəqələri inşa edilib. Şəhərdəki yeni tikililər, parklar və digər sosial obyektlər müstəqillik dövrünün yadigarıdır.
İsmayıllı böyük turizm potensialına malikdir. Müstəqillik illərində bu potensialdan səmərəli istifadə olunur. Hazırda rayonda onlarla turizm istirahət mərkəzi fəaliyyət göstərir. Bu gün dövlət tərəfindən tarix-memarlıq abidəsi kimi qorunan Lahıc Böyük İpək Yolu üzərində beynəlxalq turizm marşrutuna daxil edilib. Təsadüfi deyil ki, rayona gələn turistlərin sayı dəfələrlə artıb.
Son illər İsmayıllıda Olimpiya İdman Kompleksi və digər müasir idman obyektləri tikilərək istifadəyə verilib. Bunun nəticəsidir ki, rayon idmançıları respublika yarışlarında və beynəlxalq turnirlərdə yüksək nəticələr qazanırlar.
Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin dilbər guşələrindən biri olan İsmayıllıya üç dəfə səfər edib. Bu səfərlərin hər biri dövlətimizin başçısının rayonun inkişafına yönəlmiş sərəncamları və yeni-yeni sosial layihələrin icrası ilə müşayiət olunub.
Təqdim olunan fotoreportaj İsmayıllının bu gününü və təbii gözəlliklərini, baş verən inkişafı əyani şəkildə nümayiş etdirir.