İQTİSADİYYAT


Müşviqabad qəsəbəsində 2 yerüstü piyada keçidinin inşası yekunlaşır

Bakı, 13 iyul, AZƏRTAC

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Müşviqabad qəsəbəsi ərazisindən keçən 23,5-ci və 24-cü kilometrlik hissələrində vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etmək məqsədilə inşa edilən 2 yerüstü piyada keçidində son tamamlanma - üzlənmə işləri aparılır.

Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC–nin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, metal konstruksiyalı və orta dayaqlı keçidlər dəmir-beton özül dayaqlar üzərində qurulub. Üstü bağlı olan keçidlərin hər birinin uzunluğu 38 metr təşkil edir. Pilləkən hissələr də daxil olmaqla keçidlərin ümumi uzunluğu 55,4 metr, qalereyasının eni isə 3,7 metrdir. Keçidlərin yol səthindən hündürlüyü isə 5,5 metr təşkil edir.

Layihə çərçivəsində, həmçinin piyada keçidlərinin inşasına paralel olaraq, ətrafında abadlıq və yaşıllaşdırma işlərinin aparılması, avtobus dayanacaqlarının qoyulması və sərnişin avtobuslarının ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək üçün xüsusi “cib”li hissələrin yaradılması, həmçinin zəruri yol nişanlarının quraşdırılması da nəzərdə tutulub.

Metal konstruksiyalı yeni yerüstü piyada keçidləri avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa edilib. Bununla da, həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarından keçməsi, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkəti təmin olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.