REGİONLAR
Mütaliə dünyagörüşün formalaşmasında mühüm rol oynayır
Ağsu, 12 avqust, AZƏRTAC
Ağsu rayon Mərkəzi Kitabxanasında “Mütaliə həftəsi” keçirilib.
AZƏRTAC xəbər verir ki, avqustun 11-də başa çatan aksiyada 600 nəfərdən çox oxucu, xüsusən yeniyetmə və gənclər, ziyalılar iştirak edib. Oxucular Azərbaycan və dünya klassiklərinin əsərləri ilə yanaşı, tariximiz, müasir sosial-iqtisadi həyatımızla bağlı kitablara, ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin seçilmiş əsərlərinə, habelə milli mətbuatımıza böyük maraq göstəriblər.
Mərkəzi kitabxananın fəal oxucusu, rayon veteranlar təşkilatının sədri Cəmaləddin Zeynalov keçirilən “Mütaliə həftəsi” barədə fikirlərini AZƏRTAC-ın müxbirinə bildirərək deyib: ”Mütaliə hər bir insanın həyatında önəmli yer tutur, onun dünyagörüşünün formalaşmasında, peşə vərdişlərinin əldə olunmasında böyük rol oynayır. Bu baxımdan tədbir olduqca maraqlıdır. Mən özüm lap gəncliyimdən kitab həvəskarıyam, kitabxananın daimi oxucusuyam. Həftə ərzində ölkəmiz barədə, ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin Azərbaycanın sosial-iqtisadi, hərbi qüdrətinin möhkəmləndirilməsi, qazanılan uğurlarla əlaqədar gördükləri böyük işlər barədə çox məlumatlar aldım”.