Mütəxəssislər Ağdaş sakinlərini narın saxlanılması qaydaları barədə məlumatlandırıblar
Bakı, 21 dekabr, AZƏRTAC
Ağdaş Rayon Kənd Təsərrüfatı İdarəsində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə “Nar tinglərinə aqrotexniki qulluq: kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi kontekstində” mövzusunda alim və mütəxəssislərlə görüş keçirilib.
Fonddan AZƏRTAC-a bildirilib ki, Ağdaş Bilik Evinin təşəbbüsü ilə təşkil olunan tədbirdə rayonun aztəminatlı ailələrinin, eləcə də şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin (AEİMM) əməkdaşları iştirak ediblər.
Tədbirdə Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev İDEA İctimai Birliyi və Heydər Əliyev Fondu tərəfindən kənd təsərrüfatının inkişafı sahəsində görülən böyük işlərin əhəmiyyətindən danışıb. Vurğulayıb ki, təmsil etdiyi qurumun təşkilatçılığı ilə əhali arasında aparılan bu kimi maarifləndirici tədbirlər “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndə əksini tapan hədəflərə daha dəqiq və vaxtında çatmağa, faydalı nəticələr əldə etməyə təkan verir. İ.Vəliyev narçılığın inkişaf etdirilməsinin Ağdaşda işsizliyin aradan qaldırılmasına, yeni emal müəssisələrinin qurulmasına, son nəticədə əhalinin maddi rifahının yaxşılaşmasına xidmət edəcəyinə əminliyini bildirib.
AEİMM-in bağçılıq və narçılıq üzrə məsləhətçisi Zaur Hacıyev mühazirəsində nar ağacının əkilməsi və ona qulluq edilməsi, xəstəliklərdən mühafizə yolları, nar məhsulunun itkisiz toplanılması və saxlanılması qaydaları haqqında iştirakçılara ətraflı məlumat verib. Diqqətə çatdırıb ki, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələri”ndə ölkədə dayanıqlı inkişafın təmin edilməsi, ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsulları istehsalının və emalının genişləndirilməsi üçün əlverişli mühitin yaradılması ilə bağlı konkret hədəflər müəyyənləşdirilib. Bununla əlaqədar, “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə 9 strateji hədəf və 36 prioritet istiqamət müəyyənləşdirilib və bununla bağlı silsilə tədbirlər keçiriləcək.
Tədbirdə iştirak edən AEİMM-in əməkdaşı Əkrəm Həsənzadə narçılığın həm iqtisadi, həm ekoloji, həm də qida sağlamlığı baxımından kifayət qədər xeyirli sahə olduğunu dəlillərlə diqqətə çatdırıb.
Sonra nar bağlarının sahibləri ağaclara düzgün qulluq olunmasının üsullarını öyrənmək məqsədilə mütəxəssislərə ünvanladıqları suallara ətraflı cavablandırılıb.
IDEA İctimai Birliyinin və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birgə təşəbbüsü ilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağdaş rayonundan keçən hissəsinin yaxınlığında aztəminatlı ailələr üçün 2,1 hektar ərazidə 1000 ədəd nar ağacı əkilib, salınan meyvə bağları rayonun aztəminatlı ailələri, o cümlədən Qarabağ müharibəsi və şəhid ailələri arasında bölünərək onların təmənnasız istifadəsinə verilib.