ELM VƏ TƏHSİL
Müvafiq Dövlət Proqramı üzrə sənəd vermiş gənclər yüksək rəqabət şəraitində seçiliblər
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Dövlət Proqramı üzrə sənəd verənlər arasında bilik və bacarığı ilə fərqlənən tələbələrin sayı daha çox olub.
Aparıcı universitetlərin QS Reytinqinin top 10-luğunda yerləşən ali məktəblərdə təhsil almaq üçün 17 nəfər azərbaycanlı gənc Dövlət Proqramı təqaüdünü qazanıb. Həmin tələbələr xüsusi qabiliyyət və potensial imkanları ilə seçilirlər. Onlardan Fuad Hüseynov ABŞ-ın Harvard Universitetinə, Fərman Fərmanov, Məsmə Nəcəfzadə, Cahangir Məmmədov Böyük Britaniyanın Oksford Universitetinə qəbul olunublar.
Bu il dünya universitetlərinin QS Reytinqi üzrə ilk 20-likdə yer tutan ali məktəblərə 58 azərbaycanlı təqaüdçü qəbul olunub. Top 30-dakı universitetlərdə Dövlət Proqramı təqaüdünü qazanmış gənclərimizin sayı isə 110 nəfərdir.
Hazırda Dövlət Proqramı üzrə xaricdə təhsil almaq üçün sənədləri təsdiq olunan təqaüdçülərin sayı 494 nəfərdir. Yekun rəqəmlər yaxın günlərdə məlum olacaq. Dövlət Proqramı çərçivəsində 319 nəfər magistratura, 45 nəfər doktorantura, digərləri isə bakalavriat və rezidentura üzrə xaricdə təhsil almaq hüququ qazanıb.
Doqquz nəfər Almaniyada kənd təsərrüfatı üzrə təhsil almaq üçün Dövlət Proqramı təqaüdünü qazanıb.
Almaniyada baza tibb təhsili almaq üçün 650-dən artıq bal toplayan tələbələrin sayı 4 nəfərdir. İlk dəfə nanotexnologiya üzrə təhsil almaq üçün 10 nəfər tələbə xaricə göndəriləcək.