İDMAN
Müvəffəqiyyət qazanan və uğursuzluğa məruz qalan boksçularda psixoloji durumun tənzimlənməsi
Hər bir boksçu idmana başladığı ilk gündən yalnız uğur qazanmaq, hər zaman birinci olmaq və böyük azarkeş toplamaq haqqında düşünür. Bu amal uğrunda mübarizə aparmaqla müvəffəqiyyət qazanır və öz arzusuna nail olur. Təbii ki, boksçunun bu istəyini reallaşdırması heç də asan başa gəlmir. Bunun üçün gərgin əmək, müntəzəm məşqlər, nizam-intizam və ən əsası, özünütərbiyə vacib hesab olunur.
Özünütərbiyə, özünü fəaliyyətə məcbur etmə boksçu üçün son dərəcə psixoloji çətinliklərin ən yüksək həddi kimi qiymətləndirilir. Bu psixoloji həddi hər bir idmançı sonadək qoruyub saxlaya bilmir. Psixologiyada özünütərbiyə ən vacib və çətin həyata keçirilən bir prosesdir. Boksçu bu psixoloji amilə qismən də olsa riayət edə bilsə o, peşəsində ən böyük uğura imza ata bilər. Əgər özünütərbiyə psixoloji prosesinə hər bir insan tam riayət edə bilsəydi, o zaman müəllim, məşqçi, hətta heç bir güc strukturu fəaliyyət göstərməzdi, qoyulan qaydalara hər bir kəs tam olaraq əməl edərdi.
Sözsüz ki, boksda uğursuzluq halları həm daim qalib gələn idmançılarda, həm də uduzan idmançılarda müşahidə edilir. Daim qalib gələn boksçu ilk dəfə uduzanda bu psixoloji sarsıntını uzun müddət unuda bilmir, bununla barışmır. İkinci hal isə bir neçə yarışda uduzan boksçularda müşahidə edilir. O, bir növ öz uğursuzluğunu qəbul edir. Ona elə gəlir ki, yarışlarda heç zaman qələbə qazana bilməyəcək. Bu proses şüuraltı olaraq boksçunun özünə inamının tamamilə itməsidir. Onda öz gücünə inamın azalması, ruh düşkünlüyü, depressiya hallarının ən pik nöqtəsini müşahidə edə bilərik. Həmin boksçularla daimi psixoloji söhbətlər aparmalı, onda özünə inamı mütəmadi olaraq gücləndirmək lazımdır. Bəzən məşqçilər də bu prosesi aydınlaşdıra bilmirlər. Düşünürlər ki, bu, sadəcə məsuliyyətsizlikdir və həmin boksçuya diqqəti azaldırlar. Beləliklə, bəlkə də gələcəyi parlaq olan həmin boksçunun inkişafına özləri də bilmədən mənfi təsir edirlər. Məşqçi yaşından, nəticəsindən asılı olmayaraq, öz yetirmələrinə eyni diqqəti göstərməli, idmançılar arasında ayrı-seçkilik etməməli və daim onların diqqətində olmalıdır. Əks təqdirdə, hətta diqqət mərkəzində olan boksçu da bu halları özlüyündə kənardan müşayiət edir.
Hər bir idmançı üçün həyatında ən uğursuz gün onun yarışda məğlub olmasıdır. Bu hisslər idmançılara çox yaxşı tanışdır. Bu ağır psixoloji sarsıntını bir daha yaşamamaq üçün boksçu məşqləri tərk edir. Psixoloji sarsıntı zamanı idmançıda böyük təsəlliyə və qayğıya ehtiyac yaranır. Belə psixoloji prosesi əsasən yarışlara yeni başlayan idmançılar daha çox yaşayır. Həmin gərgin anların aradan qaldırılmasında idman psixoloqlarının iştirakı çox mühümdür. İki idmançıdan biri mütləq məğlub olmalıdır. Bu psixoloji prosesin formalaşmasında psixoloqlar boksçu şəxsiyyətinin inkişafına çalışmalıdırlar. Məşq zamanı boksçuların şəxsiyyətlərinin formalaşmasına təsir edən psixoloji amillər haqqında məsələlər idmanda praktiki psixologiyanın əsas problemlərindən biri olaraq qalır.
Müvəffəqiyyət və uğursuzluq boksçunun fəaliyyətində mütəmadi olaraq baş verir. Boks müvəffəqiyyət və uğursuzluğun xüsusi kəskinliyi və aktuallığı ilə seçilir. Yüksək nəticə əldə etmək boksçunun həyatının mənasıdır. Boksçuları nailiyyətlərə, cəmiyyətdə nüfuz qazanmağa sövq etmək səciyyəvi haldır. Boksçuların köməksizliyinin korreksiyası, onlarda nikbinliyin artırılması, müvəffəqiyyət və uğursuzluğun mənfi təsiri haqqında təəssüf ki, indiyə qədər nə bir elmi monoqrafiya, nə də praktiki dərslik hazırlanmayıb.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyasının müəllimi, idman ustası,
milli dərəcəli hakim