REGİONLAR


Muxtar respublika idmançıları bu ilin ikinci rübündə 462 medal qazanıblar

Naxçıvan, 13 iyul, AZƏRTAC

Bu ilin ikinci rübündə muxtar respublika idmançıları 462 medal qazanıblar ki, bunlardan 410-u Naxçıvan Muxtar Respublika birinciliyi, 24-ü Azərbaycan birinciliyi, 26-sı beynəlxalq turnir, 1-i dünya çempionatı, 1-i isə IV İslam Həmrəyliyi Oyunlarında olub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, muxtar respublikada gənclərin idmana cəlbi və idmanın kütləviliyinin artırılması sahəsində tədbirlər bu ilin ikinci rübündə də davam etdirilib. Rayonlarda idman federasiyalarının yerli bölmələrinin yaradılması istiqamətində işlər aparılıb, fəaliyyət göstərən bölmələrin işinə nəzarət gücləndirilib.

İdman yarışlarının, xüsusilə ölkə və beynəlxalq səviyyəli yarışların keçirilməsi ilə bağlı verilmiş tapşırıqlar icra olunub. Belə ki, qeyd olunan dövrdə peşəkarlararası reytinq və kəmər müdafiəsi döyüşləri, pauerliftinq və benchpress idman növü üzrə beynəlxalq turnir, futbol üzrə “Qarabağ” və “Qəbələ” komandaları arasında Azərbaycan kubokunun final oyunu, “Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalı, boks üzrə yeniyetmələr arasında “Heydər Əliyev kuboku-2017” beynəlxalq turniri və futbol üzrə “Heydər Əliyev kuboku” yarışı keçirilib. Həmçinin federasiyadaxili yarışlar təşkil olunub, qalib idmançılar mükafatlandırılıb. Muxtar respublikadan olan 37 idmançı isə müxtəlif idman növləri üzrə keçirilən ölkə və beynəlxalq səviyyəli yarışlarda iştirak edib.

Naxçıvan Dövlət Universitetinin bədən tərbiyəsi və idman, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisaslarında təhsil alan tələbələr arasında intellektual oyun keçirilib, gənclərlə iş və idman sahəsini əhatə edən tədbirlərdə həmin tələbələrin iştirakı təmin olunub. Qızların idmana cəlb olunması istiqamətində də işlər davam etdirilib, hərtərəfli şərait yaradılıb.

Məhdud fiziki imkanlı gənclərin muxtar respublikanın idman həyatına daha fəal inteqrasiyası sahəsində tədbirlər görülüb, bədən tərbiyəsi və idmanın bu kateqoriyadan olan şəxslərin reabilitasiyasına təsiri ilə bağlı təbliğat işləri genişləndirilib. Belə ki, fiziki imkanları məhdud şəxslər arasında armreslinq üzrə Naxçıvan Muxtar Respublika birinciliyi və ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda paralimpiyaçılar arasında futzal idman növü üzrə Naxçıvan Muxtar Respublika turniri keçirilib. Həmçinin aztəminatlı ailələrdən olan uşaq, yeniyetmə və gənclərin ödənişsiz idmanla məşğul olmaları üçün şərait yaradılıb, federasiyalardan bu qəbildən olan idmançılar haqqında məlumatlar toplanıb, idman geyim və ləvazimatları ilə təmin olunublar.

Muxtar respublikada mövcud Olimpiya-İdman komplekslərinin fəaliyyətlərinin gücləndirilməsi, yerlərdə yaradılmış şəraitdən, o cümlədən idman qurğu və avadanlıqlarından səmərəli istifadəyə nail olunması üçün işlər davam etdirilib, eləcə də Şərur rayonunun Dəmirçi kəndində yeni stadion istifadəyə verilib. 2017-ci ilin ikinci rübündə Şərur rayonunda 14, Babək rayonunda 10, Ordubad rayonunda 8, Culfa rayonunda 13, Kəngərli rayonunda 9, Şahbuz rayonunda 23, Sədərək rayonunda 6 idman tədbiri keçirilib. Ali təhsil müəssisələri və idman federasiyaları ilə birgə hazırlanmış proqrama əsasən Uzunoba Su Anbarının ətrafında ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında ekstremal yürüş üzrə Naxçıvan Muxtar Respublika birinciliyi və “Heydər Əliyev kuboku” uğrunda peyntbol idman növü üzrə Naxçıvan Muxtar Respublika turniri keçirilib.

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən idman federasiyalarının idman növləri üzrə yığma komandaları yaradılıb və ölkə səviyyəli yarışlarda iştirakı təmin olunub. Ümumilikdə, bu ilin ikinci rübündə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 80 tədbir keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.