REGİONLAR


Muxtar respublikada “Naxçıvan çörəkləri” festivalı keçiriləcək

A+ A

Naxçıvan, 27 avqust, Rauf Əliyev, AZƏRTAC

Avqustun 30-da Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat, Mədəniyyət və Turizm nazirliklərinin, muxtar respublikanın rayon və şəhər icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə “Naxçıvan çörəkləri” festivalı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, festivalda Naxçıvanda yaşayan və çörək istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslər iştirak edəcəklər. Muxtar respublikanın şəhər və rayonlarında bu sahədə peşəkarlığı ilə seçilən şəxslər “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin xətti ilə festivalda təmsil olunacaqlar.

Tədbirdə Naxçıvanda bişirilən müxtəlif çörək növlərinin sərgi və satışı təşkil olunacaq, onların bişirilmə qaydası nümayiş etdiriləcək. Bununla yanaşı, un məmulatlarından hazırlanan müxtəlif yemək və şirniyyat növlərinin bişirilmə qaydası da göstəriləcək.

“Naxçıvan çörəkləri” festivalı çərçivəsində “Ən dadlı çörək” müsabiqəsi də keçiriləcək. Müsabiqəyə çıxarılan çörəklərin müxtəlif növləri təqdim ediləcək, dadına, keyfiyyətinə görə qiymətləndiriləcək. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

Müsabiqənin keçirilməsində məqsəd xalqımıza məxsus çörək növlərinin nümayişi, milli dəyərlərimizin, xüsusən də milli mətbəximizin özünəməxsusluğunun təbliği, bacarıqlı insanların özünüməşğulluğunun inkişaf etdirilməsidir.

Naxçıvanda ləziz yemək növlərindən ibarət mətbəx mədəniyyəti formalaşdırılıb. Burada süfrə mədəniyyəti hər zaman ən yüksək səviyyədə qorunub saxlanılıb, bərəkətin rəmzi kimi çörəyə böyük ehtiram göstərilib. Naxçıvan mətbəxinin zəngin mənzərəsi muxtar respublikada kulinariya turizminin inkişafı üçün də gözəl zəmin yaradır. Ona görə də xalq yaradıcılığının ən qədim sahələrindən olan kulinariya mədəniyyətinin sistemli şəkildə öyrənilməsi və inkişaf etdirilməsi, təbliğ olunması və tanıdılması istiqamətində ardıcıl işlər görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.