REGİONLAR
Muxtar respublikada aktiv seçki hüququna malik 272 minə yaxın seçici qeydə alınıb
Naxçıvan, 21 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında aktiv seçki hüququna malik 271 min 938 seçici qeydə alınıb. Onlardan 4003 nəfəri ilk dəfə səs verən vətəndaşlardır.
AZƏRTAC xəbər verir ki, seçicilərin 137 min 576 nəfəri (50,6 faiz) kişi, 134 min 362 nəfəri (49,4 faiz) isə qadındır. 2015-ci il parlament seçkiləri ilə müqayisədə 2016-cı ildə muxtar respublika üzrə seçicilərin sayı 3 min 475 nəfər, yəni 1,3 faiz artıb.
Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı referendumda muxtar respublikada 292-si açıq və 24-ü qapalı olmaqla, 316 seçki məntəqəsi fəaliyyət göstərəcək. Məntəqələrdə Seçki Məcəlləsi ilə tələb olunan şərait yaradılıb.
Bu il muxtar respublikada fəaliyyət göstərən dairə seçki komissiyalarının tərkibi yenidən təsdiq olunduqdan sonra məntəqə seçki komissiyalarının tərkibində də əsaslı dəyişikliklər aparılıb. Belə ki, muxtar respublika üzrə seçkilərin hazırlanıb keçirilməsini təmin edən məntəqə seçki komissiyaları, ümumilikdə, 1752 nəfər üzvdən ibarətdir. Bu komissiyaların tərkibində 173 nəfər xarici dil müəllimi təmsil olunur.
Muxtar respublikada fəaliyyət göstərən hər bir seçki dairəsinin 5 məntəqəsində olmaqla, ümumilikdə 35 seçki məntəqəsində müşahidə kameraları quraşdırılıb, sınaqdan keçirilərək hazır vəziyyətə gətirilib. Səsvermə günü həmin seçki məntəqələrində səsvermənin gedişini internet vasitəsilə izləmək mümkün olacaq.
Referendumun keçirilməsi üçün bütün seçki məntəqələri tam hazır vəziyyətə gətirilib.