QAN YADDAŞI
Muxtar respublikada bir dərs saatı Xocalı soyqırımına həsr olunub
Naxçıvan, 25 fevral, AZƏRTAC
Fevralın 24-də muxtar respublikanın ali, orta ixtisas və ümumtəhsil məktəblərində, Heydər Əliyev adına Hərbi Liseydə bir dərs saatı Xocalı soyqırımına həsr olunub.
AZƏRTAC xəbər verir ki, dərslərdə Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməsindən ətraflı bəhs olunub, bu faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərin əhəmiyyəti vurğulanıb.
Qeyd olunub ki, Xocalı soyqırımı xalqımıza qarşı bir neçə əsr əvvəl başlanan və həyata keçirilən erməni təcavüzünün davamı və tərkib hissəsidir. Həmin faciənin törədilməsi ilə yüzlərlə soydaşımız qətlə yetirilib, işgəncələrə məruz qalıb. Xocalının qəhrəman və fədakar insanları düşmən qarşısında mənən sınmayıb, sonadək vuruşaraq Vətənə sədaqət nümunəsi, rəşadət və igidlik göstəriblər.
Qeyd edək ki, Naxçıvan şəhərindəki Xatirə Muzeyində “Xocalı soyqırımı: əsrin faciəsi” mövzusunda interaktiv dərs də keçilib.
İnteraktiv dərsi muxtar respublikanın 225 təhsil müəssisəsindən izləyiblər.