REGİONLAR
Muxtar respublikada daha bir kənd stadionunda yenidənqurma işlərinə başlanılıb
Culfa, 20 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı, kütləvi hal alması və gənclər arasında təbliği üçün ardıcıl tədbirlər həyata keçirilir. Muxtar respublikanın şəhər və rayonlarında, həmçinin kəndlərində yeni idman obyektləri tikilir, mövcud idman qurğuları yenidən qurularaq istifadəyə verilir.
AZƏRTAC xəbər verir ki, bu tədbirlərin davamı kimi Culfa rayonunun Bənəniyar kəndində yeniyetmə və gənc futbolçuların daha mükəmməl məşq etmələri, futbol oynamaları üçün stadionda yenidənqurma işləri aparılır.
Stadionun uzunluğu 86, eni 52 metrdir. Yararsız vəziyyətdə olan meydançaya xüsusi ot toxumu səpilib, yeni oyun qapıları qoyulub. Stadionun suvarılması üçün meydanın ərazisinə su xətti çəkilir. Oyunların rahat izlənilməsi məqsədilə stadionda oturacaqlar da quraşdırılacaq. Əraziyə müxtəlif tinglər əkiləcək və idman qurğuları quraşdırılacaq.