REGİONLAR
Muxtar respublikada əhalinin fasiləsiz elektrik enerjisi ilə təminat daim diqqət mərkəzindədir
Naxçıvan Muxtar Respublikasında enerji təhlükəsizliyi, əhalinin fasiləsiz elektrik enerjisi ilə təminat daim diqqət mərkəzindədir.
Muxtar respublikanın Dövlət Energetika Agentliyindən AZƏRTAC-a bildirilib ki, cari ilin ötən dövründə Babək rayonunda 1260 kilovolt-amper gücündə 2 transformatorlu müasir avadanlıqlar, mühafizə və avtomat qurğular quraşdırılıb, 35/10 kilovoltluq “Kərimbəyli” transformator yarımstansiyası tikilib istismara verilib.
Kəngərli rayonu ərazisində 110/35/10 kilovoltluq 35 meqavolt-amper gücündə 2 transformatorlu müasir yarımstansiyanın inşasına, 10 kilometr uzunluğunda 110 kilovoltluq, 4 kilometr uzunluğunda 35 kilovoltluq, ikidövrəli elektrik verilişi xətlərinin çəkilişinə başlanılıb, zəruri avadanlıqlar alınıb, 10 meqavolt-amper gücündə transformator sifariş verilib. Eyni zamanda, 26 yeni transformator yarımstansiyası quraşdırılıb, 60 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik verilişi xətləri çəkilib, 20 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq hava elektrik xətləri kabel xətləri ilə əvəzlənib.
Naxçıvan, Şərur və Culfa transformator təmiri sexləri lazımi materiallarla təmin olunub, 101 ədəd 35/6-10 və 10/04 kilovoltluq transformator təmir edilib. Əsas avadanlıq və materialların birbaşa xarici ölkələrin istehsalçı müəssisə və təşkilatlarından alınıb gətirilməsi işləri davam etdirilib.
Baş verə biləcək qəzaların vaxtında aradan qaldırılmasında operativliyi təmin etmək məqsədilə mütəxəssislərdən ibarət təmir-bərpa briqadalarının fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb. İstehsal olunan elektrik enerjisindən səmərəli istifadə edilməsi və sərf olunan elektrik enerjisinin dəyərinin ödənilməsində mühüm rol oynayan sayğacların quraşdırılması işi də diqqət mərkəzində saxlanılıb. Muxtar respublikada sakinlərin ev və mənzillərinə digital elektron sayğaclar qoyulub, enerji haqqının sayğacların göstəriciləri əsasında ödənilməsi təmin edilib.
Əhali arasında aparılan maarifləndirici söhbətlər öz bəhrəsini verib. Cari ilin doqquz ayında 7 faiz texniki itki nəzərə alınmaqla, 315 milyon 670 min kilovat-saat elektrik enerjisi sərf olunub. Sərf olunan elektrik enerjisinin dəyəri 99,40 faiz ödənilib.