REGİONLAR
Muxtar respublikada əhalinin məşğulluğu və sosial müdafiəsi diqqət mərkəzindədir
Naxçıvan, 18 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2016-cı il üçün iş planına uyğun olaraq iyul ayında işaxtaranların məşğulluğunun təmin olunması, peşə hazırlığı, əməyin təşkili və mühafizəsi, aztəminatlı ailələrin, ahıl və sağlamlıq imkanları məhdud şəxslərin sosial təminatı, tibbi və sosial reabilitasiyası ilə bağlı bir sıra tədbirlər həyata keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ötən ay işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədilə aktiv məşğulluq tədbirləri davam etdirilib, 268 nəfər məşğulluq xidməti orqanlarında qeydiyyatda olan vakant iş yerlərinə, 15 nəfər müvafiq peşə kurslarına, 30 nəfər haqqıödənilən ictimai işə cəlb edilib, 4 nəfər isə kəndlərdə xidmət mərkəzlərində müvafiq işlə təmin olunub. Onların 9-u məhdud fiziki imkanlı şəxslərdir.
Naxçıvan Regional Peşə Tədris Mərkəzində əmək bazarının tələbləri nəzərə alınaraq müxtəlif peşə sahələri üzrə kurslar təşkil olunub. Qaz təsərrüfatı avadanlıqlarının istismarı və təmiri üzrə nəzarətçi-çilingər peşəsi üzrə kursu 14 nəfər bitirib. Hazırda traktorçu-maşınçı və bərbər peşələri üzrə kurslar davam etdirilir. Bu dövrdə işəgötürənlər tərəfindən işçilər üçün müvafiq əmək şəraitinin yaradılması, istehsal müəssisələrində əməyin mühafizəsi qaydalarına riayət etməsi ilə əlaqədar 36 obyektdə nəzarət tədbirləri görülüb.
Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə və təhsilə inteqrasiyası da diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində həmin kateqoriyadan olan uşaqların müasir informasiya texnologiyalarından istifadə sahəsində biliklərinin artırılması üzrə məşğələlərin təşkili, müxtəlif sosial xidmətlərin göstərilməsi davam etdirilib. Təlimlərə 122 uşaq cəlb olunub. Bundan başqa, sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə kompyuter vasitəsilə “Yurdumuzu tanıyaq” bilik müsabiqəsi və boccia idman növü üzrə yarış keçirilib.
İyul ayında tənha yaşayan və başqasının yardımına ehtiyacı olan 458 ahıl və fiziki imkanları məhdud şəxsə evlərində, həmçinin 16 nəfərə Ahıllar Evində stasionar sosial xidmət göstərilib, Naxçıvan Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 27 şəxsin, Naxçıvan Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 34 uşağın müalicəsi təşkil edilib. Sağlamlıq imkanları məhdud 5 uşaq isə valideynlərinin müşayiəti ilə müalicə üçün Türkiyə Respublikasına göndərilib. Eyni zamanda 41 nəfərə sanatoriya və pansionatlara göndəriş verilib, 6 nəfər texniki reabilitasiya vasitələrilə təmin olunub, 2 nəfərin sosial məişət şəraitinin yaxşılaşmasına, 5 nəfərin respublika daxilində müalicəsinə kömək göstərilib. Fiziki imkanları məhdud idmançıların isə Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil olunub.