REGİONLAR
Muxtar respublikada əməyin mühafizəsi tədbirləri uğurla reallaşdırılır
Naxçıvan, 28 aprel, AZƏRTAC
28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü bütün dünyada olduğu kimi, Azərbaycanda və Naxçıvan Muxtar Respublikasında da hər il qeyd olunur.
Ölkəmizdə əməyin mühafizəsi, işçilərin hüquqlarının qorunması, təhlükəsiz və sağlam iş yerlərinin yaradılması dövlətimizin sosial siyasətinin əsas istiqamətidir. Bu gün Naxçıvan Muxtar Respublikasında əməyin mühafizəsi tədbirləri uğurla həyata keçirilir, əmək hüquqlarının təmin olunması diqqət mərkəzində saxlanılır, o cümlədən əmək şəraitinin yaxşılaşdırılması, istehsalat mədəniyyətinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Muxtar respublikada həyata keçirilən genişmiqyaslı tikinti-abadlıq işləri, yeni istehsal və emal müəssisələrinin, xidmət sahələrinin fəaliyyətə başlaması iqtisadiyyatın müxtəlif sahələrində çalışan işçilərin əmək hüquqlarının qorunması və əməyin mühafizəsi tədbirlərinin genişləndirilməsini şərtləndirir. 2014-cü ildə tikintidə işlərin keyfiyyətlə aparılması və təhlükəsizlik tədbirləri ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Ali Məclisində keçirilən müşavirələrdə verilən tapşırıqların icrası əməyin mühafizəsi ilə bağlı tədbirlərin daha da gücləndirilməsinə səbəb olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda isə qeyri-formal məşğulluğun qarşısının alınması və əməyin mühafizəsi istiqamətində daha geniş tədbirlərin görülməsi nəzərdə tutulub. Hazırda muxtar respublikada işçilərin həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlər görülür, tikinti aparılan obyektlərdə işçilərə sanitar-gigiyenik qaydalara cavab verən xüsusi yerlər hazırlanır, müəssisələrdə əməyin mühafizəsi və kadrlar üzrə mütəxəssislərin biliklərinin artırılması məqsədilə kurslar təşkil olunur, işçilər peşələrinə uyğun xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilirlər.
Muxtar respublikada əməyin mühafizəsi istiqamətində aparılan nəzarət və maarifləndirmə tədbirləri bu ilin birinci rübündə də davam etdirilib. Görülən tədbirlər nəticəsində istehsalatda baş vermiş bədbəxt hadisələrin qarşısı alınıb.
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu