REGİONLAR


Muxtar respublikada epidemioloji vəziyyət sabitdir

Naxçıvan, 13 iyul, AZƏRTAC

Muxtar respublikada iyun ayında epidemioloji vəziyyət sabit olub, zəhərlənmələr baş verməyib. İnfeksiya ocaqlarında profilaktik və epidemiya əleyhinə tədbirlər həyata keçirilib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yeni doğulmuş uşaqların 98,7 faizi idarəolunan yoluxucu xəstəliklərə görə peyvənd alıblar. Mövsümi xəstəliklərin və zəhərlənmələrin qarşısını almaq məqsədilə qidalanma sənayesi, kommunal, ictimai iaşə, ticarət, su təchizatı, müalicə-profilaktika müəssisələrinin rəhbərlərinə müvafiq göstərişlər verilib, su təchizatı sistemlərində, ictimai, inzibati və fərdi binalarda, məişət tullantıları qoyulan meydançalarda 32 min 130 kvadratmetr sahədə dezinfeksiya və 22 min 560 kvadratmetr ərazidə dezinseksiya tədbirləri həyata keçirilib.

Uşaq və yeniyetmə müəssisələrində, məktəblərdə monitorinqlər, eyni zamanda, maarifləndirici tədbirlər aparılıb.

Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən hepatit virusu ilə yoluxmaların qarşısının alınması məqsədilə vətəndaşlarla birbaşa ünsiyyətdə olan xidmət obyektlərində – stomatoloji müəssisələrdə, oyun zallarında, ictimai iaşə və satış bazarlarında, ərzaq istehsalı və digər xidmət obyektlərində sanitar-gigiyenik qaydalara əməl olunmasına, işlədilən alətlərin sterilizasiya edilməsinə, obliqat qrup kimi işçilərin tibbi müayinədən keçmələrinə, dezinfeksiya işləri ilə bağlı monitorinq aparılıb, müvafiq tədbirlər görülüb.

İyun ayı ərzində bakterioloji laboratoriya fəaliyyətini davam etdirib. 77 su, 17 yuyuntu və 1015 digər nümunələrin müayinələri aparılıb.

Obliqat qrupların bakterioloji müayinələri diqqət mərkəzində saxlanılıb, səhiyyə üzrə 366, qidalanma sənayesi, ictimai iaşə və ticarət üzrə 84, kommunal sahələr üzrə 92, sürücülük üzrə 2 nəfər olmaqla, bütövlükdə, 544 nəfər müayinədən keçib.

Əhalinin sanitar-epidemioloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə muxtar respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən obyektlər sanitar-gigiyenik vəziyyətə görə yoxlanılıb, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün xəbərdarlıqlar edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.