REGİONLAR


Muxtar respublikada fəaliyyət göstərən yerləşdirmə obyektlərinin və turizm şirkətlərinin rəhbərləri ilə görüş keçirilib

Naxçıvan, 25 iyul, AZƏRTAC

İyulun 25-də Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən yerləşdirmə obyektlərinin və turizm şirkətlərinin rəhbərlərinin görüşü keçirilib.

Görüşdən əvvəl qonaqlar ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucalan abidəsi önünə gələrək buraya gül dəstələri düzüb və Heydər Əliyev Muzeyini ziyarət ediblər. Məlumat verilib ki, muzeydə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə aid 4 min 500-dən çox eksponat var. Qonaqlar Ümummilli Liderin uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlərlə, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid sənəd və materiallarla tanış olublar.

Naxçıvan Dövlət Televiziyasına müsahibə verən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib: “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 2 iyun tarixli Sərəncamı ilə 2018-ci ildə İslam mədəniyyəti paytaxtı tədbirlərinin keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb. Təşkilat komitəsinin sədri hörmətli Vasif Talıbovun rəhbərliyi ilə hazırlıq işləri yüksək səviyyədə həyata keçirilir. Təşkilat komitəsi üzvləri müxtəlif dövlət orqanlarını təmsil edən, Azərbaycan mədəniyyəti ilə sıx bağlı olan şəxslər, təşkilat rəhbərləridir. 2016-cı ilin noyabr ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi ilə təşkilat komitəsinin ilk iclas keçirilib, müvafiq qurumlar qarşısında vəzifələr müəyyənləşdirilib və icrasına başlanılıb. Bugünkü səfərimizin məqsədi həm mədəniyyət ocaqlarının, həm də turist xidmətlərinin bir araya gətirilməsi üçün ciddi koordinasiya işi təşkil etməkdən ibarətdir. Bundan sonra keçiriləcək görüşlərdə digər ölkələrin təqdimatlarının keçirilməsi, eləcə də Naxçıvana qastrol səfərlərinin təşkili nəzərdə tutulur. Belə ki, Azərbaycan dövlət teatr truppalarının Naxçıvana qastrol səfərlərinin təşkili, digər mədəniyyət tədbirlərinin keçirilməsi, eyni zamanda, Naxçıvanın mədəniyyət imkanlarının Azərbaycanda təqdim olunması bu baxımdan maraqlı olar.

Bugünkü tədbirdə çox dəyərli təkliflər irəli sürüldü. Turizm şirkətlərinin koordinasiya olunması qarşıda duran ən mühüm məsələlərdəndir. Biz istəyərdik ki, Naxçıvana müalicəvi turizm üçün gələnlər, həm də mədəniyyət ocaqlarının imkanlarından faydalansınlar. Bu gün Ali Məclisin Sədri ilə görüşdə də bu məsələlər müzakirə olunub. Mən tam əminəm ki, biz Naxçıvanı dünya ictimaiyyətinə, sözün əsl mənasında, İslam mədəniyyətinin paytaxtı kimi təqdim etməyə müvəffəq olacağıq. Görülən işlər buna əsas verir. Hörmətli Prezidentimiz tərəfindən bu ilin “İslam Həmrəyliyi İli” elan edilməsi bütün İslam dünyasının Azərbaycana marağının artmasına səbəb olub. Eyni zamanda, Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, Naxçıvanın İslam mədəniyyətinin paytaxtı elan olunması və silsilə tədbirlərin təşkili İslam dünyasında Azərbaycanın nə qədər böyük bir mövqeyə sahib olduğunu təsdiq edir. Azərbaycan öz multikultural ənənələri ilə seçilən, mədəniyyətlər arasında körpü rolunu oynayan ölkədir. Bu imkanlardan səmərəli istifadə olunmalı, mövcud potensialı nümayiş etdirmək üçün silsilə tədbirlər keçirilməlidir”.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.