REGİONLAR


Muxtar respublikada keçirilən iməciliklərdə 20 mindən çox meyvə və meşə ağacı əkilib

A+ A

Naxçıvan, 14 noyabr, AZƏRTAC

Muxtar respublikanın şəhər və rayonlarında keçirilən iməciliklərdə 20 mindən çox meyvə və meşə ağacı, gül kolları əkilib.

AZƏRTAC xəbər verir ki, Naxçıvan şəhərində keçirilən iməcilikdə Naxçıvan-Sədərək, Naxçıvan-Şahbuz-Batabat magistral yollarının sağ və sol tərəflərində, Duzdağ Fizioterapiya Mərkəzinə gedən yolda, Nəzərabad kəndinin yaxınlığındakı terraslarda meyvə və meşə ağacları əkilərək suvarılıb, bərpa məqsədilə yeni tinglər əkilib.

Şərur rayonunda da kütləvi ağac əkinləri davam etdirilib. Rayon ictimaiyyəti Xanlıqlar-Qıvraq yolunun kənarında 3 mindən çox meyvə ağacı əkib, rayonda yeni tut bağı salıblar.

Son illər Babək rayonunda keçirilən iməciliklər rayonun təbiətinin zənginləşdirilməsinə səbəb olub, yaşıllıqların və meyvə bağlarının sahəsi ilbəil artıb. Babək rayon sakinləri iməcilikdə 5 min 200 ədəd ağac əkiblər.

Həmçinin Naxçıvan-Ordubad magistralının Düylün kəndi ərazisində 1 hektar sahədə 690 tut tingi əkilib, 5,7 hektarda yeni bağın salınması üçün ərazi əkinəyararlı vəziyyətə gətirilib. Əylis düzündəki meyvə bağlarında bərpa işləri aparılıb. Burada mindən çox meyvə və 800-dən artıq meşə ağacı əkilib.

Culfalılar Naxçıvan-Ordubad magistral yolu boyunca yaşıllıqlarda becərmə işləri aparıblar. Rayonda keçirilən iməcilik zamanı 400 meşə, 650 meyvə ağacı, 50 üzüm kolu əkilib. Kəngərli, Şahbuz və Sədərək rayonunun sakinləri də iməcilikdə mütəşəkkil iştirak ediblər. Yeni salınan meyvə bağlarına 7 mindən çox ağac əkilib, suvarma işləri aparılıb.

Qeyd edək ki, təkcə ötən il muxtar respublikada 446 mindən çox ağac əkilib, 541 hektar ərazidə isə meşə massivləri və yaşıllıq zolaqları salınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.