REGİONLAR
Muxtar respublikada kəndlərin suvarma suyu ilə təminatı yaxşılaşdırılır
Naxçıvan, 25 mart, AZƏRTAC
Naxçıvanda torpaqların dayanıqlı su təminatı və su itkisinin qarşısının alınması üçün işlər davam etdirilir. Hazırda Babək rayonunun Şıxmahmud və Xəlilli kəndlərinin əkin sahələrinin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq üçün kompleks tədbirlər həyata keçirilir.
Mühəndis Kərim Əliyev sözlərinə görə, ötən ildən Babək rayonunun Xəlilli kəndinə gələn uzunluğu 1700 metr olan kanal əsaslı təmir edilir. O deyib: “Bu kanal Uzunoba Su Anbarından qidalanır. Kanal Şıxmahmud və Xəlilli kəndlərinin ərazilərini suvarma suyu ilə təmin edəcək. Artıq burada işlər yekunlaşmaq üzrədir. Uzunoba Su Anbarını qidalandıran köhnə kanal da əsaslı təmir olunur. Kanalın 1120 metrlik hissəsi lildən təmizlənib, 540 metri isə beton plitələrlə üzlənib. Hazırda işlər davam etdirilir. Tikintidə texnikanın gücündən səmərəli istifadə olunur və işin keyfiyyətinə diqqət yetirilir”.
Qeyd edək ki, muxtar respublikanın digər rayonlarında da 2017-ci ilin suvarma mövsümünü mütəşəkkil keçirmək üçün tədbirlər davam etdirilir.
Muxtar Respublikanın Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, mart ayında muxtar respublikanın su anbarlarına və göllərə 170 milyon kubmetrə yaxın su yığılıb. Cari ilin iki ayı ərzində 37 kilometrdən artıq magistral kanal, 57 kilometr ara arxları, 6 kilometrdən çox kollektor lildən təmizlənib.
Əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi və suvarma mövsümünün mütəşəkkil şəkildə başa çatdırılması üçün su anbarlarının təmir-bərpası, sututarlara suyun yığılması diqqətdə saxlanılıb. Əkin sahələrində su itkisinin qarşısını almaq, suvarılan ərazilərin şoranlaşmasına yol verməmək üçün açıq və qapalı drenajlarda, kollektorlarda, kanal və arxlarda mütəmadi olaraq lildən təmizlənmə işləri aparılır, yeni drenaj xətləri çəkilir. Suvarma mövsümünü mütəşəkkil keçirmək üçün bütün nasos stansiyalarında təmir işləri başa çatdırılıb.
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu