REGİONLAR
Muxtar respublikada meliorasiya və irriqasiya tədbirlərinə diqqət artırılıb
Naxçıvan, 9 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi tərəfindən 2015-ci ilin sentyabr ayında da müvafiq tədbirlər görülüb, payız suvarma mövsümündə əkin sahələrinin su təminatı diqqətdə saxlanılıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu dövrdə muxtar respublika ərazisində 7,56 kilometr kanal, 48 kilometr ara arxları, 10 kilometr kollektor lildən təmizlənib, 4,7 kilometr yeni suvarma xətti çəkilib. Həmçinin Araz çayı sahillərində torpaqların yuyulmasının qarşısını almaq üçün 1 kilometr məsafədə sahilbərkitmə işi aparılıb, Vayxır sol sahil kanalının altında tikilən mexaniki suvarma şəbəkəsində hidrantlar, təzyiqqırıcılar və elektron sayğaclar quraşdırılıb.
Muxtar respublikada istismarda olan subartezian quyularının təmir-bərpası və yenilərinin qazılması diqqət mərkəzində saxlanılır. Ötən ay Şərur rayonunun Çəmənli, Maxta, Babək rayonunun Zeynəddin kəndlərində yeni subartezian quyuları istifadəyə verilib. Ümumiyyətlə, sentyabr ayı ərzində 68 subartezian quyusunda təmir işləri aparılıb, 6 yeni quyu qazılıb. Həmçinin kəhrizlərin bərpasına da diqqət artırılıb, ötən ay 6 kəhrizdə təmir işləri davam etdirilib.
Komitə tərəfindən həyata keçirilən tədbirlər içərisində içməli su təminatının yaxşılaşdırılması da mühüm yer tutur. Ötən ay 7,4 kilometr yeni içməli su xətti çəkilib, 850 metr yeni kaptaj tikilib, 2,1 kilometr içməli su xətti təmir olunub.