REGİONLAR
Muxtar respublikada milli musiqimizin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir
Naxçıvan, 18 sentyabr, AZƏRTAC
Sentyabrın 18-i ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında Milli Musiqi Günü kimi təntənəli şəkildə qeyd olunur.
Bu gün muxtar respublika mədəniyyəti özünün yeni inkişaf dövrünü yaşayır. Bu yüksəlişin fonunda milli musiqi sənətinin də inkişafı təmin edilib. Son illər Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə yeni musiqi məktəbləri tikilib istifadəyə verilib, Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının, Naxçıvan Musiqi Kollecinin maddi-texniki bazası gücləndirilib, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının, Aşıqlar Birliyinin fəaliyyəti genişləndirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Musiqi Kollecinin 40 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il martın 29-da imzaladığı Sərəncama əsasən, ötən il musiqi ocağının yubileyi muxtar respublikada geniş qeyd olunub, yerləşdiyi bina əsaslı şəkildə yenidən qurulub. Musiqinin inkişafına göstərilən qayğı Naxçıvan bəstəkarlarının yaradıcılıq imkanlarını da genişləndirib. Onlar yaradılan şəraitdən istifadə edərək Azərbaycan musiqi sənətini dəyərli əsərlərlə zənginləşdirirlər.
Bu gün muxtar respublikada milli musiqimizin təbliği istiqamətində də mühüm tədbirlər görülür. Ötən dövrdə Naxçıvan Dövlət Filarmoniyasının xarici ölkələrə qastrol səfərləri təşkil edilib, musiqi kollektivləri Rusiya Federasiyasında, Türkmənistanda, Türkiyədə və Polşada uğurla çıxış edib, musiqi kollektivlərinin və Şərur Xalq Yallı Ansamblının çıxışları maraqla qarşılanıb.
Musiqimizin inkişafı istiqamətində görülən tədbirlər uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərini də əhatə edib. Son illər 20-dən çox musiqi məktəbi üçün yeni bina inşa olunaraq və ya yenidən qurularaq istifadəyə verilib. Bu gün muxtar respublikada 27 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi fəaliyyət göstərir. Bu sahədə həyata keçirilən tədbirlər davamlı xarakter alıb. Ötən il Naxçıvan şəhərinin Qaraçuq və Culfa rayonunun Bənəniyar kəndlərində uşaq musiqi məktəbləri üçün yeni binalar istifadəyə verilib. Naxçıvan şəhərindəki 2 nömrəli Uşaq Musiqi Məktəbi, Sədərək Rayon Uşaq Musiqi Məktəbi üçün də yeni bina inşa olunub, musiqi təhsilinin nümunəvi təşkili üçün hərtərəfli şərait yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin rolunu yüksək qiymətləndirərək deyib: “Musiqi hər bir xalqın mədəni inkişafının göstəricisidir. Azərbaycan xalqının zəngin xalq yaradıcılığı nümunələri, milli dəyərləri və adət-ənənələri vardır. Bunlar hər xalqa nəsib olmur. Çünki xalq yaradıcılığını, milli dəyərləri ancaq zəngin mədəniyyətə malik olan xalq yarada bilər. Bu gün muxtar respublikada musiqi məktəblərinin yaradılmasında əsas məqsəd xalq yaradıcılığı nümunələrini qoruyaraq gələcək nəsillərə çatdırmaqdan, o cümlədən musiqi mədəniyyətimizin inkişafına töhfələr verməkdən ibarətdir”.
Uşaqların istedadının üzə çıxarılmasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 19 aprel tarixli Sərəncamı ilə yaradılan Naxçıvan Dövlət Uşaq Filarmoniyasının da mühüm rolu vardır. Filarmoniyada xalq çalğı alətləri, kamera orkestri, mahnı və rəqs ansamblı, xor kollektivi fəaliyyət göstərir. 1998-ci ildə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin nəzdində konservatoriyanın açılması isə ali təhsilli musiqiçi kadrların yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il fevralın 7-də imzaladığı Sərəncamdan sonra Naxçıvan Aşıqlar Birliyi yaradılıb, Azərbaycan xalqının tarixini özündə yaşadan xalq musiqisi, yallılar, xalq rəqsləri, toy adətləri təbliğ olunmağa başlanılıb.
Qədim diyarımızda son illər xalq musiqisinin, yallılarımızın, muğamlarımızın nota köçürülməsi sahəsində görülən işlər də bu sahəyə göstərilən diqqət və qayğının ifadəsidir. Bu il Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi ilə birgə keçirdiyi və noyabr ayında başa çatacaq “Xalq mahnı və təsniflərinin ifaçılıq müsabiqəsi - 2016” ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
Muxtar respublikanın musiqi kollektivlərinin əməyi dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib, səmərəli fəaliyyətlərinə görə musiqiçilərimiz Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, Prezident təqaüdü və mükafatlarına layiq görülüblər.
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu