REGİONLAR
Muxtar respublikada müəllimlər hərtərəfli qayğı ilə əhatə olunublar
Naxçıvan, 5 oktyabr, AZƏRTAC
Beynəlxalq Müəllimlər Günü ölkəmizin bütün bölgələrində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da qeyd edilir.
Muxtar respublikada bu gün öz peşəsini dərindən sevən peşəkar müəllim ordusu formalaşdırılıb. Cəmiyyətin maariflənməsi, bilikli, vətənpərvər, çalışqan və sağlam gəncliyin yetişdirilməsi yolunda yorulmadan çalışan muxtar respublika müəllimlərinin əməyi layiqincə qiymətləndirilir, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il iyunun 22-də imzaladığı “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Sərəncam bu istiqamətdə atılan növbəti mühüm addımdır. Bu sərəncam muxtar respublika müəllimlərinin böyük sevincinə səbəb olub, onların işə məsuliyyətini daha da artırıb.
Naxçıvan Muxtar Respublikasında təhsilə, təhsil işçilərinə göstərilən yüksək diqqət və qayğı sayəsində son illər 200-dən çox təhsil müəssisəsi tikilib və ya əsaslı şəkildə yenidən qurulub, məktəblərdə müasir tədris şəraiti yaradılıb.
Muxtar respublikada istifadəyə verilən məktəb binalarının müasir maddi-texniki baza ilə təmin olunması da təhsil sahəsinə göstərilən dövlət qayğısının mühüm tərkib hissəsidir. Bu günədək ümumtəhsil məktəblərində 623 elektron lövhə və 3725 dəst kompyuter quraşdırılıb. Müəllim və şagirdlərin istifadəsinə verilən kompyuterlər internet şəbəkəsinə qoşulub. Yaradılan müasir şərait pedaqoji kollektivlərin işini xeyli asanlaşdırmaqla yanaşı, yeni təlim metodlarından istifadəyə də geniş imkanlar açıb.
Muxtar respublikada təhsilin inkişafına hesablanmış tədbirlər sırasında təhsil yarmarkalarının təşkilinin də mühüm rolu vardır. 2005-ci ildən etibarən hər il Naxçıvanda ənənəvi olaraq keçirilən təhsil yarmarkaları gənc müəllimlərin məşğulluğunun təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu tədbirlərin nəticəsidir ki, ötən dövrdə təhsil yarmarkalarında iştirak edən yüzlərlə gənc müəllim ümumtəhsil məktəblərində işlə təmin olunub. Bu il sentyabrın 6-da keçirilən növbəti təhsil yarmarkasında 341 nəfər gənc müəllim təyinatı üzrə məktəblərə göndəriş alıb və peşə fəaliyyətlərinə başlayıblar.
Naxçıvanda müəllim əməyi daim yüksək qiymətləndirilib, ötən dövrdə 67 müəllim “Azərbaycan Respublikasının Əməkdar Müəllimi”, 90 müəllim “Naxçıvan Muxtar Respublikasının Əməkdar Müəllimi” fəxri adlarına layiq görülüb, 56 müəllim “Tərəqqi” medalı ilə təltif edilib.
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu