REGİONLAR
Muxtar respublikada nəqliyyat xidmətinin keyfiyyəti artırılır
Naxçıvan, 15 avqust, AZƏRTAC
Muxtar respublikada avtonəqliyyat xidmətinin səviyyəsinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır. Ötən ay Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə Naxçıvandan Bakıya 2 min 763, Bakıdan Naxçıvana isə 3 min 747 sərnişin daşınıb. Muxtar respublikada yol-nəqliyyat infrastrukturu müasir standartlar səviyyəsinə çatdırılıb, beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb.
Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazirliyin “Reyd komissiyası” müxtəlif günlərdə reydlər keçirib, sərnişindaşıma ilə məşğul olan avtonəqliyyat vasitələrinin təmizliyinə, sürücülərin geyim formasına, şəhərdaxili və rayonlararası marşrutlarda hərəkət qrafikinə nəzarəti artırıb. Bu dövrdə Naxçıvan Avtobus Parkında sərnişindaşımanı yerinə yetirən sahibkarların və sürücülərin iştirakı ilə seminar-müşavirə də keçirilib.
Ötən ay sürücülərin muzeylərlə tanışlığına diqqət daha da artırılıb, muzeylərdə taksi sürücülərinin seminar məlumatlandırılması işinə avtobus sürücüləri də cəlb olunub. Hazırda hər həftənin çərşənbə günü taksi və avtobus sürücüləri muzeylərdə ekskursiyalarda olur.