REGİONLAR
Muxtar respublikada növbəti əmək yarmarkaları keçiriləcək
Naxçıvan, 19 iyul, AZƏRTAC
İyulun 26-dan Naxçıvan Muxtar Respublikasında növbəti əmək yarmarkalarına start veriləcək.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən AZƏRTAC-a bildirilib ki, ilk tədbir Sədərək rayonunun Heydərabad qəsəbə mərkəzində təşkil olunacaq. İyulun 27-də Kəngərli Rayon Məşğulluq Mərkəzində bu bölgənin işaxtaran sakinlərinə boş iş yerləri təqdim ediləcək.
İyulun 28-də keçiriləcək əmək yarmarkasının ünvanı Şahbuz şəhərindəki “Araz” kinoteatrının binası olacaq. Culfa rayonunda əmək yarmarkası iyulun 29-da keçiriləcək. Avqustun 2-si ordubadlılara, 3-ü babəklilərə, 4-ü isə şərurlulara boş iş yerləri təqdim olunacaq. Naxçıvan şəhərində əmək yarmarkası avqustun 5-də “Gənclik” Mərkəzində keçiriləcək.
Qeyd edək ki, əmək yarmarkalarının təşkil olunması Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun rayon mərkəzləri tərəfindən həyata keçirilir.