REGİONLAR


Muxtar respublikada referendumun demokratik və şəffaf keçirilməsi üçün hərtərəfli şərait yaradılıb

A+ A

Naxçıvan, 24 sentyabr, AZƏRTAC

“Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Referendum Aktı layihəsinin ümumxalq səsverməsinə (referenduma) çıxarılacağı günə - sentyabrın 26-na çox az vaxt qalıb. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dairə və məntəqə seçki komissiyaları bu əhəmiyyətli tədbiri uğurla başa çatdırmaq üçün yaradılmış bütün imkanlardan səmərəli istifadə etməyə səy göstərirlər.

Referenduma hazırlıq işləri 4 saylı Naxçıvan Şəhər Seçki Dairəsinin bütün seçki məntəqələrində uğurla başa çatdırılıb. Seçki məntəqələri lazımi avadanlıqlarla təmin olunub, seçici siyahıları müvafiq yerlərdən asılıb. Dairə seçki komissiyasının sədri Cahangir Seyidovla söhbətimizdə öyrəndik ki, bu dairə üzrə 37 məntəqə fəaliyyət göstərir. Ümumilikdə, bu məntəqələrdə 44 min 304 seçici səs verəcək. İlk dəfə səs verəcək seçicilər 615 nəfərdir. Seçicilərin 1 nəfərinin yaşı 100-dən yuxarıdır. Komissiya sədrinin sözlərinə görə, seçki məntəqələrinin hamısı müasir binalarda yerləşir. Seçki sənədlərinin mühafizəsi üçün tədbirlər görülüb. Dairənin 4-10, 4-12, 4-15, 4-17 və 4-28 saylı seçki məntəqələrində veb-kameralar quraşdırılıb.

Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində yerləşən 4-33 saylı seçki məntəqəsində bütün hazırlıqlar tamamlanıb. Məntəqə seçki komissiyasının sədri Azər Əmiyev bildirdi ki, seçki məntəqəsində 857 seçici qeydiyyatdadır. Onların 13 nəfəri ilk dəfə səs verəcək.

Məntəqədə olarkən adını seçici siyahısında axtaran Rövşən İsrafillə rastlaşdıq. O qeyd etdi ki, bura gələrək siyahıda adının olmasını dəqiqləşdirmək istəyib.

Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən 4-23 saylı seçki məntəqəsində də referenduma hazırlıq işlərinin tamamlandığının şahidi olduq. Məntəqə seçki komissiyasının sədri Mehdi Bağırov bildirdi ki, bu məntəqədə 1008 seçici qeydiyyatdadır. Onların 16 nəfəri ilk dəfə səs verəcək. Səsvermənin keçiriləcəyi otaqlarda yüksək şərait yaradılıb. Katib və üzvlər, həmçinin prosesi izləyəcək müşahidəçilər üçün yerlər müəyyən edilib.

Bu məntəqədə səs verəcək Sevinc Səfərova ilə söhbətimizdə bir daha əmin olduq ki, seçicilər ümumxalq səsverməsində yüksək əhval-ruhiyyə ilə iştirak edəcəklər. O dedi ki, Konstitusiya dəyişikliyi hər bir ölkənin həyatında mühüm ictimai-siyasi hadisədir. Referendum Aktı layihəsi ictimai müzakirəyə çıxarıldığına görə, dəyişikliklərin hansı maddələr üzrə aparıldığı barədə məlumatlıdır.

Veb-kamera ilə təchiz olunmuş 4-28 saylı seçki məntəqəsində də olduq. Bu məntəqə Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə yerləşir. Məntəqə seçki komissiyasının sədri Arzu Abdullayevdən aldığımız məlumata görə, 1494 seçicinin qeydiyyatda olduğu məntəqədə 18 nəfər ilk dəfə səs verəcək.

Ümumiyyətlə, 4 saylı Naxçıvan Şəhər Seçki Dairəsinin əksər məntəqələrində apardığımız müşahidələr zamanı məntəqələrin referenduma tam hazır olduğunu gördük.

Bəs, muxtar respublikanın bölgələrində vəziyyət necədir? Sədərək rayonunda da referenduma hazırlıq işləri çərçivəsində lazımi tədbirlər görülüb. 1 saylı Şərur-Sədərək Seçki Dairəsi dairə seçki komissiyasının sədri Niyaz Əsgərovdan öyrəndik ki, dairə üzrə fəaliyyət göstərən 35 seçki məntəqəsində, ümumilikdə, 38 min 664 nəfər seçici səs verəcək. Onlardan 591 nəfəri ilk dəfə səsvermə hüququndan istifadə edəcək.

Dairənin 8 məntəqəsi Sədərək rayonu ərazisində yerləşir. Görülən işlər nəticəsində rayon ərazisindəki bütün məntəqələr referenduma hazır vəziyyətə gətirilib. Şərur-Sədərək Seçki Dairəsi ərazisində 5 məntəqədə olan veb-kameralardan biri də Heydərabad qəsəbəsində yerləşən 1-1 saylı seçki məntəqəsində quraşdırılıb. Sədərək rayonunda 10 min 441 nəfər aktiv seçki hüququna malik seçici qeydə alınıb. Rayon sakinlərindən 154-ü ilk dəfə bu prosesdə iştirak etmək hüququ qazanıb.

Ordubad rayonunda olarkən burada da referenduma hazırlıq işlərinin uğurla başa çatdığını gördük. 7 saylı Ordubad-Culfa Seçki Dairəsi dairə seçki komissiyasının sədri Həsən Həsənov dedi ki, dairədə 48 məntəqə fəaliyyət göstərir. Onlardan 41-i Ordubad rayonu, 7-si isə Culfa rayonu ərazisində yerləşir. Referenduma 5 gün qalmış Ordubad rayonu ərazisində yerləşən hərbi hissələrdə əlavə 4 məntəqə yaradılıb. 7 saylı Ordubad-Culfa Seçki Dairəsində 34 min 865 nəfər seçici qeydiyyatdadır. Onlardan 28 min 531 seçici Ordubad rayonu ərazisində yaşayır. Həmin seçicilərin 481 nəfəri ilk dəfə səs verənlərdir. Dairənin Culfa rayonu ərazisində yaşayan 5 min 648 nəfər seçicisindən isə 99 nəfəri ilk dəfə səsvermə hüququndan istifadə edəcək.

Dairənin bütün məntəqələri referenduma tam hazır vəziyyətə gətirilib, lazım olan avadanlıqlarla təmin olunub, məntəqə seçki komissiyası üzvləri üçün treninqlər keçirilib. Dairənin 7-1, 7-2, 7-3, 7-4 və 7-6 saylı seçki məntəqələrində veb-kameralar quraşdırılıb.

Ümumxalq səsverməsinin uğurla başa çatmasında maarifləndirmə işinin böyük rolu var. Bununla əlaqədar keçirilən seminarlar, treninqlər və Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış müxtəlif təlimatlar, kitabçalar məntəqə seçki komissiyası üzvlərinin, habelə seçicilərin köməyinə çatır. Naxçıvanlı seçicilər də səsverməyə hazırdırlar. Çünki onlar Konstitusiyaya edilmiş əlavə və dəyişikliklərin məğzi ilə artıq tanışdırlar. Müşahidələrimizə əsasən deyə bilərik ki, muxtar respublika ərazisində yerləşən bütün məntəqələrdə referenduma hazırlıq işləri uğurla başa çatdırılıb.

Rauf Əliyev

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.