REGİONLAR
Muxtar respublikada son altı ayda 48 açıq ürək əməliyyatı aparılıb
Naxçıvan, 18 iyul, AZƏRTAC
Mərkəzi Neftçilər Xəstəxanasının Ürək və damar xəstəlikləri şöbəsinin həkim briqadası və Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin Kardiocərrahiyyə şöbəsi tərəfindən bu ilin 6 ayında 48 nəfərdə açıq ürək əməliyyatı aparılıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, paytaxt Bakı şəhərində fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikaya gətirilməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinə və cərrahi əməliyyatlarının təşkili bu ilin 6 ayı ərzində də davam etdirilir. Bu çərçivədə Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 21 nəfərdən ibarət ayrı-ayrı ixtisaslar üzrə həkim briqadası yanvar ayında Şərur və may ayında Ordubad Rayon Mərkəzi xəstəxanalarında olub, 6091 nəfər tibbi müayinədən keçirilib, 161 nəfərdə cərrahi əməliyyat aparılıb.
Həmçinin Azərbaycan Milli Oftalmologiya Mərkəzinin, Azərbaycan Tibb Universitetinin, Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin tərkibində olan Uşaq Ürək Cərrahiyyə Mərkəzinin yüksək ixtisaslı mütəxəssisləri tərəfindən Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində göz, plastik rekonstruktiv əməliyyatlar həyata keçirilib.
Əhalinin dispanserizasiya işinin yaxşılaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının, Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin, Naxçıvan Muxtar Respublika Xəstəxanasının, Diaqnostika-Müalicə Mərkəzinin və rayon mərkəzi xəstəxanalarının yaratdığı həkim briqadaları ucqar dağ və sərhəd kəndlərində olub, əhaliyə tibbi xidmət göstərib.
Muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində ötən dövrdə Şərur rayonunun Oğlanqala, Culfa rayonunun Saltaq kəndlərində həkim ambulatoriyaları, Kəngərli rayonunun Yurdçu, Babək rayonunun Xəlilli, Şahbuz rayonunun Daylaqlı kəndlərində feldşer-mama məntəqələri tikilib istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində oftalmoloq, stomatoloq və ortopedlər tərəfindən kütləvi müayinələr, V-IX sinif şagirdləri arasında ilkin vərəm intoksikasiyasının aşkar edilməsi məqsədilə tuberkulin sınaqları aparılıb.
İxtisaslı kadrların hazırlanması bu gün qarşıda duran əsas vəzifədir. Ötən dövrdə bu istiqamətdə tədbirlər davam etdirilib, 17 həkim Türkiyə Respublikası Ankara Universitetinin Tibb fakültəsində, İzmit Kocaeli Universitetində, Ərzurum Atatürk Universitetinin xəstəxanasında, İran İslam Respublikası Təbriz Tibb Universitetinin xəstəxanalarında müxtəlif müddətlərə təkmilləşmə kurslarına göndəriliblər.