SİYASƏT
Muxtar respublikada taxıl biçini aparılır
Naxçıvan, 25 iyun, AZƏRTAC
Muxtar respublikada taxılçılığın inkişafı sahəsində kompleks tədbirlər görülür, əsas ərzaq məhsuluna olan tələbatın yerli istehsal hesabına ödənilməsi diqqət mərkəzində saxlanılır. Hər il taxıl əkini sahələri genişləndirilir, aqrotexniki tədbirlər həyata keçirilir, məhsuldarlığın artırılması istiqamətində ardıcıl tədbirlər görülür. Cari ilin məhsulu üçün 26 min 795 hektar sahədə buğda, 4 min 784 hektar sahədə isə arpa əkilib. Taxılçılıqla məşğul olan torpaq mülkiyyətçilərinə dövlət maliyyə dəstəyinin göstərilməsi, onların keyfiyyətli toxum sortları və texnikalarla təminatı bol məhsul istehsalına, biçin kampaniyasının vaxtında və itkisiz başa çatdırılmasına imkan verir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kəngərli rayonunun Böyükdüz kəndindəki taxıl əkini sahəsinə gəlib, taxıl biçininin gedişi ilə maraqlanıb.
Məlumat verilib ki, 306 hektar sahədə şırım üsulu ilə yerli iqlim şəraitinə uyğun məhsuldar “Qobustan” toxum sortu əkilib. Əkin sahəsində vegetasiya dövründə heç bir xəstəlik və zərərvericilərə rast gəlinməyib. Biçinə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin 8 kombaynı cəlb olunub, mexanizator və kombaynçılar üçün lazımi şərait yaradılıb. Bu günə qədər 120 hektarda biçin işləri başa çatdırılıb. Məhsuldarlıq orta hesabla 29,3 sentinerdir.
Kəngərli rayonunda yeni suvarma şəbəkəsinin istifadəyə verilməsi ilə ərazinin su təminatı yaxşılaşdırılıb, torpaq sahələri əkin dövriyyəsinə qatılıb. Hazırda ərazidə yeraltı suvarma sistemləri qurulur.
Ali Məclisin Sədri muxtar respublikamızda taxılın vaxtında və itkisiz toplanılması, eləcə də yerli iqlimə uyğunlaşdırılmış məhsuldar toxumların tədarükü barədə tapşırıqlar verib.