REGİONLAR
Muxtar respublikada tullantı poliqonları tikiləcək
Naxçıvan, 25 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında tullantı poliqonları tikiləcək. Muxtar respublikada məişət tullantılarının zərərsizləşdirilməsi məqsədilə tullantı poliqonlarının yaradılması hazırda icrası davam etdirilən “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda öz əksini tapıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikasında məişət tullantılarının çeşidlənməsi, utilizasiya edilməsi üçün tullantı emalı zavodunun tikilməsi ilə əlaqədar ilkin layihələndirilmə sənədlərinin hazırlanması istiqamətində iş aparılır. Naxçıvan şəhərinin şimal-qərb istiqamətində, Naxçıvan-Sədərək magistral avtomobil yolunun sol hissəsində bərk məişət tullantıları emalı zavodunun tikintisinin aparılması üçün yer seçilib, ərazi ekoloji ekspertizadan keçirilib və ekoloji qiymətləndirilməsinə dair rəy verilib.
Bundan əlavə, Naxçıvan Muxtar Respublikasının Şərur, Sədərək, Kəngərli, Babək, Şahbuz, Culfa və Ordubad rayonlarında bərk məişət tullantıları üçün məntəqələrin tikilməsi məqsədilə yerlər seçilib və həmin ərazilər aidiyyəti orqanlar tərəfindən xəritələşdirilib.