REGİONLAR
Muxtar respublikada ümumi daxili məhsul istehsalının həcmi artıb
Naxçıvan, 19 aprel, AZƏRTAC
Muxtar respublikada bu ilin yanvar-mart ayları ərzində ümumi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul (ÜDM) istehsalının həcmi 505 milyon 378 min manatdan artıq olub ki, bu da bir il öncəki müvafiq göstəricidən çoxdur. Hər bir nəfərə düşən ÜDM-in həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,5 faiz artaraq 1124,3 manat olub.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ÜDM-in tərkibində ilk yeri 31,7 faizlik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 54,8 faiz təşkil edib.
2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin yanvar-mart aylarında sənaye məhsulunun həcmi 1,3 faiz, kənd təsərrüfatının ümumi məhsulu 3,3 faiz, nəqliyyat sektorunda yük daşınması 1,5 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 3,1 faiz, o cümlədən mobil rabitə xidməti 1,8 faiz, pərakəndə əmtəə dövriyyəsi 1,7 faiz, əhaliyə göstərilən pullu xidmətlər 2 faiz, ixracın həcmi 1,1 faiz, əhalinin gəlirləri 1,2 faiz artıb.
Muxtar respublikada iri sənaye müəssisələrinin yaradılması, yeni məhsul növlərinin istehsalı sənayeləşmə prosesini daha da sürətləndirib, dinamik inkişaf təmin edilib.
2017-ci ilin yanvar-mart aylarında muxtar respublikada 234 milyon 860 min 600 manat həcmində sənaye məhsulu istehsal olunub ki, bu da əvvəlki ilin müvafiq dövründəki göstəricini 1,3 faiz üstələyib.
Sənaye məhsulu istehsalının 96 faizi malların, 4 faizi isə xidmətlərin payına düşüb. Sənayenin dövlət sektorunda 12 milyon 534 min manatlıq, qeyri-dövlət sektorunda isə 222 milyon 326 min 600 manatlıq məhsul istehsal olunub. İstehsal olunan sənaye məhsulunun 94,7 faizi özəl sektorun payına düşüb.