REGİONLAR
Muxtar respublikada ümumi daxili məhsulun həcmi 1 milyard 800 milyon manatdan çox olub
Naxçıvan, 21 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında bu ilin yanvar-sentyabr aylarında ümumi daxili məhsulun (ÜDM) həcmi 1 milyard 831 milyon 84 min manatdan çox olub. Bu da bir il öncəki müvafiq göstəricini 0,8 faiz üstələyir.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hər bir nəfərə düşən ÜDM-in həcmi ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artaraq, 4 min 103 manatı ötüb. ÜDM-in tərkibində ilk yeri 29,7 faizlik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 58,2 faiz təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-sentyabr aylarında sənaye məhsulunun həcmi 2,5 faiz, əsas kapitala yönəldilən investisiyalar 7 faiz, kənd təsərrüfatının ümumi məhsulu 6,1 faiz, nəqliyyat sektorunda yük daşınması 1,7 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 3,6 faiz, o cümlədən mobil rabitə xidməti 1,7 faiz, pərakəndə əmtəə dövriyyəsi 2,8 faiz, əhaliyə göstərilən pullu xidmətlər 4,1 faiz, ixracın həcmi 1,9 faiz, əhalinin gəlirləri 1,3 faiz, hər bir nəfərə düşən gəlirlər 0,2 faiz artıb.
Yanvar-sentyabr aylarında muxtar respublikada 763 milyon 323 min manat həcmində sənaye məhsulu istehsal olunub ki, bu da ötən ilin müvafiq dövründəki göstəricini 2,5 faiz üstələyib.
Sənaye məhsulu istehsalının 96,1 faizi malların, 3,9 faizi isə xidmətlərin payına düşüb. Sənayenin dövlət sektorunda 29 milyon 86 min 500 manatlıq, qeyri-dövlət sektorunda isə 734 milyon 236 min 500 manatlıq məhsul istehsal olunub. İstehsal olunan sənaye məhsulunun 96,2 faizi özəl sektorun payına düşüb.