REGİONLAR
Muxtar respublikada uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzindədir
Naxçıvan, 2 avqust, AZƏRTAC
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Yay tətili uşaqların gözü ilə” devizi altında festival keçirilib.
AZƏRTAC xəbər verir ki, festivalın açılış mərasimində Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov çıxış edərək, bu gün sürətlə inkişaf edən Naxçıvanda bütün sahələrlə yanaşı, təhsil sistemində də mütərəqqi islahatların həyata keçirildiyini deyib.
Nazir qeyd edib ki, 1996-cı ildən ötən dövr ərzində 200-dən çox təhsil müəssisəsi üçün bina tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Həyata keçirilən tədbirlər sırasında məktəbdənkənar müəssisələrin fəaliyyəti də diqqətdən kənarda qalmayıb. 20 il bundan əvvəl belə müəssisələrin fəaliyyəti tamamilə dayandırılmışdı. Bu gün isə muxtar respublikada şagirdlərin asudə vaxtlarının səmərəli təşkilində 44 belə müəssisə fəaliyyət göstərir. Ayrı-ayrı rayonlarda şahmat məktəbləri, uşaq-gənclər yaradıcılıq mərkəzləri və başqa məktəbdənkənar müəssisələr üçün inzibati binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq uşaq və gənclərimizin istifadəsinə verilib.
Məmməd Qəribov diqqətə çatdırıb ki, yaradılmış yüksək şərait nəticəsində məktəbdənkənar müəssisələrdə fəaliyyət göstərən dərnəklərə 28 minə yaxın şagirdin cəlbinə nail olunub. Həmin dərnəklərin fəaliyyəti sayəsində uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların qabiliyyətlərinin inkişaf etdirilməsi, əmək tərbiyəsinin həyata keçirilməsi, xüsusi istedada malik uşaqların aşkara çıxarılması sahəsində xeyli işlər görülüb. Bu il Təhsil Nazirliyi və məktəbdənkənar tərbiyə müəssisələrinin hazırladığı tədbirlər planına uyğun olaraq, ilk növbədə, yay tətili günlərində uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, zərərli vərdişlərdən uzaqlaşdırılması, istirahət müddətində onların bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına kömək göstərilməsi üçün uşaq yaradıcılıq mərkəzlərinin, idman məktəblərinin bazasından geniş istifadə olunması nəzərdə tutulub.
Bu festival bundan sonra da ənənəvi olaraq keçiriləcək. Rayon (şəhər) təhsil şöbələri məktəblilərin yay tətilinin yüksək səviyyədə keçirilməsini təmin etməklə, rayon mərkəzlərində hesabat xarakterli festivalların keçirilməsinə nail olmalıdırlar.
Festivalda Təhsil Nazirliyinin seçim qrupu tərəfindən müəyyənləşdirilən, muxtar respublika, ölkə və beynəlxalq səviyyəli yarış və müsabiqələrdə uğur qazanmış 30 ən yaxşı dərnək üzvü, onların uğur qazanmasında əməyi olan 15 ən yaxşı dərnək rəhbəri və muxtar respublikada şagirdlərin yay tətili günlərinin və asudə vaxtlarının səmərəli təşkilində xüsusi rol oynayan 8 məktəbdənkənar müəssisə mükafatlandırılıb.
Qırx dörd məktəbdənkənar müəssisənin fəaliyyətinin ümumiləşdirildiyi festivalda istedadlı uşaqların hazırladıqları əl işləri, şahmat və idman məktəblərinin müxtəlif bölmələrinin çıxışları, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Əlvan çiçəklər”, Estetik Tərbiyə Mərkəzinin “Fidanlar”, Naxçıvan Musiqi Kollecinin mahnı və rəqs ansambllarının, Şərur rayon məktəblilərinin yallı, Şahbuz Rayon Uşaq Yaradıcılıq Mərkəzinin rəqs qruplarının çıxışları maraqla qarşılanıb.