REGİONLAR
Muxtar respublikada uşaqların asudə vaxtları səmərəli təşkil edilir
Naxçıvan, 24 avqust, AZƏRTAC
Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum və aztəminatlı ailələrin uşaqları üçün Nağı İsmayılzadənin “Ağca və Bozca” pyesi əsasında hazırlanan tamaşa göstərilib.
AZƏRTAC xəbər verir ki, tamaşa Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə nümayiş etdirilib.
Tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Xalq Artisti Yasəmən Ramazanova, quruluşçu rəssamı Rafael Qədimov, bəstəkarı Əli Məmmədovdur. Teatrın aktyorları İlham Babayevin (Bozca), Şölə Novruzbəylinin (Ağca), Süleyman Süleymanovun (Xoruz), Mir Qabil Əkbərovun (Tülkü) və başqalarının canlandırdıqları surət və personajlar maraqla qarşılanıb.
Qeyd edək ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı muxtar respublikada bu cür tədbirlərin mütəmadi keçirilməsi nəzərdə tutulub.