REGİONLAR
Muxtar respublikada vətəndaş cəmiyyəti institutlarının inkişafına xüsusi diqqət yetirilir
Naxçıvan, 26 noyabr, AZƏRTAC
Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi, vətəndaş cəmiyyəti institutlarına da xüsusi diqqət və qayğı göstərilir, bu sahədə təqdirəlayiq addımlar atılır. Görülən işlərin nəticəsidir ki, bu gün muxtar respublikada bir sıra ictimai təşkilatlar fəaliyyət göstərir, vətəndaşlar bu cür təşkilatlarda birləşərək öz maraqlarını təmin etməyə çalışırlar.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının birgə təşkilatçılığı ilə “Vətəndaş cəmiyyətinin inkişafında qeyri-hökumət təşkilatların rolu” mövzusunda keçirilən tədbirdə bu barədə ətraflı söhbət açılıb.
Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının insan hüquqlarının müdafiəsi şöbəsinin baş məsləhətçisi Asiman Abbasov bildirib ki, 1993-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə demokratiya, siyasi plüralizm və vətəndaş cəmiyyətinin qurulması əsas məqsədlər kimi müəyyən edilib. Vətəndaşları cəmiyyət və dövlətin həyatında fəal rol oynamağa səsləyən ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə ölkədə vətəndaş cəmiyyətinin inkişafı üçün tələb olunan normativ-hüquqi baza yaradılıb və təkmilləşdirilib.
Qeyd edilib ki, Azərbaycanda qeyri-hökumət təşkilatları sektorunun fəaliyyətinə dövlət təminatı verən qanunvericiliyin əsası ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan Azərbaycan Respublikasının Konstitusiyası olub. Bundan əlavə, məhz dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə 1999-cu ildə Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təsis olunması müxtəlif sahələri əhatə edən yüzlərlə qeyri-hökumət təşkilatlarının cəmiyyətimizdəki demokratik proseslərə qoşulmasına, onların dövlət orqanları və beynəlxalq qurumlarla səmərəli əlaqələrinin qurulmasına geniş imkanlar açıb.
Tədbirdə Ədliyyə Nazirliyinin qanunvericilik şöbəsinin rəisi, ədliyyə müşaviri Ayaz Məhərrəmov “Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin müasir tələblərə uyğun qurulmasında həyata keçirilən tədbirlər” mövzusunda danışıb.
“Gənclərin Sosial Aktivliklərinin Artırılması Təşkilatı” İctimai Birliyinin təsisçisi Ayşən İmanlı sədrlik etdiyi qurumun yaradılma səbəblərindən bəhs edərək bildirib ki, bu İctimai Birliyin əsas məqsədi müxtəlif layihələr vasitəsilə Naxçıvan gənclərinin peşəkar idarəetmə, liderlik bacarıqlarının və biliklərinin artırılmasından, onların fəal vətəndaşlar kimi cəmiyyət həyatında iştiraka cəlb etməkdən və gənclərin sosial problemlərinin həllinə yardımçı olmaqdan ibarətdir.
Sonra tədbir iştirakçıları mövzu ətrafında fikir mübadiləsi aparıblar.