REGİONLAR
Muxtar respublikada xalq teatrlarının festivalı başa çatıb
Naxçıvan, 1 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında keçirilən xalq teatrlarının festivalı başa çatıb.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 7 fevral 2009-cu ildə imzaladığı “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq keçirilən Festivalın son günü Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Şahbuz Rayon Xalq Teatrı böyük bəstəkar və dramaturqumuz Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasını göstərib.
Tamaşanın rejissoru Ramiz Cəlilov, tərtibatçı rəssamı Səbuhi Tarverdiyev, musiqi tərtibatçısı Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət İşçisi Çingiz Haqverdiyevdir.
Tamaşadan sonra Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm nazirinin müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Natəvan Qədimova çıxış edərək bildirib ki, bu gün muxtar respublikanın müxtəlif bölgələrində xalq teatrlarının fəaliyyət göstərməsi və uğurlu tamaşalarla çıxış etməsi Naxçıvanda mədəni həyata göstərilən diqqət və qayğının nəticəsidir. Xalq teatrlarının və dram dərnəklərinin işinin daha da səmərəli təşkilində, özfəaliyyət kollektivlərinə istedadlı gənclərin cəlb edilməsində, onların yaradıcılıq qabiliyyətinin üzə çıxarılmasında belə festivalların keçirilməsi böyük əhəmiyyət kəsb edir.
Natəvan Qədimova kollektivlərə professional səhnəyə gedən yolda uğurlar arzulayıb.
Festivalda Babək Rayon Xalq Teatrı birinci, Şərur Rayon Xalq Teatrı ikinci, Şahbuz Rayon Xalq Teatrı üçüncü yerə layiq görülüb.
Qaliblərə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun pul mükafatları, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin diplomları təqdim olunub.