REGİONLAR


Muxtar respublikada yeni istehsal sahələri yaradılır

A+ A

Naxçıvan, 31 avqust, AZƏRTAC

Muxtar respublikada yeni istehsal və xidmət sahələrinin, idxal­əvəzləyici və ixracyönümlü məhsullar istehsal edən emal və sənaye müəssisələrinin yaradılması istiqamətində işlər davam etdirilir. Mebel istehsalı müəssisələrini yüksək keyfiyyətli materiallarla təmin edən “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin məhsullarına artan tələbatın ödənilməsi üçün müəssisədə ağac yonqarları lövhələrinin boyanması sahəsi yaradılıb, müasir anbar binası inşa olunub.

AZƏRTAC xəbər verir ki, istifadəyə verilən anbar binası xammal və hazır məhsulların müəyyən olunmuş şəraitdə saxlanılmasına və istehsal müəssisələrinə vaxtında göndərilməsinə əlverişli şərait yaradıb.

Naxçıvan şəhərində yerləşən müəssisənin fasiləsiz fəaliyyət göstərməsində mühüm rol oynayan xammal və hazır məhsulların vaxtında daşınması məqsədilə “DAF” markalı ağırtonnajlı yük avtomobilləri alınıb. Hazırda ağac yonqarları lövhələrinin boyanması sahəsi üçün binanın inşasına hazırlıq işləri görülür.

Yeni istehsal müəssisəsinin fəaliyyətə başlaması daxili bazarı keyfiyyətli məhsullarla təmin etməklə yanaşı, əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynayır. Belə ki, müasir texnoloji avadanlıqlardan səmərəli istifadə etməyi bacaran ixtisaslı mütəxəssislərin hazırlanması diqqət mərkəzində saxlanılıb, müəssisədə çalışan işçilərin Türkiyə Respublikasında ixtisasartırma kurslarında iştirakı təmin olunub. Bu da istehsal prosesinin yerli mütəxəssislər tərəfindən həyata keçirilməsinə imkan yaradıb.

Gələcəkdə müəssisədə yeni istehsal sahəsinin – melamin örtüklü plitələr istehsalı sahəsinin yaradılması nəzərdə tutulur ki, buraya mebel avadanlıqları istehsalında qabaqcıl təcrübəyə malik, Almaniyanın dünyada məşhur olan “Wemhoner” şirkətinin avadanlıqları alınıb gətiriləcək və idxal olunan dəzgahlar həmin şirkətin mütəxəssisləri tərəfindən quraşdırılacaq. Melamin örtüklü plitələr istehsalı sahəsi istifadəyə veriləndən və müəssisə tam gücü ilə işləyəndən sonra, ümumilikdə, 110 nəfər daimi işlə təmin ediləcək.

Muxtar respublikada yeganə olan bu müəssisəsinin məhsulları daxili bazarın tələbatını tamamilə ödəməklə yanaşı, ölkəmizin digər regionlarında da satışa çıxarılır. Hazırda istehsal edilən mebel materiallarının xarici ölkələrdə tanıdılması ilə bağlı tədbirlər görülür. Bu sahə üzrə qabaqcıl təcrübəyə malik şirkətlərlə təcrübə mübadilələri aparılır, biznes əlaqələri qurulur ki, bu da Naxçıvan məhsullarının xarici bazarlara ixrac olunmasına imkan verəcək. Ayrı-ayrı şirkətlərlə bağlanmış müqaviləyə uyğun olaraq, “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətində istehsal edilən mebel materialları yaxın vaxtlarda xarici bazara çıxarılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.