REGİONLAR


Muxtar respublikadakı Nəbatat bağında 100-dən çox müxtəlif növ bitki yetişdirilir

Naxçıvan, 10 iyul, AZƏRTAC

Muxtar respublikanın Babək rayonunun Şıxmahmud kəndi yaxınlığında yerləşən Nəbatat bağında müasir texnologiyaların tətbiqi ilə yaradılan 10 bölmədə 100-dən çox növdə bitki yetişdirilir. Buradakı bitkilər əsasən Hind-Çin, Afrika, Avstraliya, Ərəbistan və digər mənşəli bitkilərdir.

AZƏRTAC xəbər verir ki, bu faktlar “Muzey günləri” çərçivəsində Naxçıvan Dövlət Universitetinin kollektivinin Nəbatat bağına ekskursiyası zamanı səsləndirilib.

Məlumat verilib ki, Nəbatat bağının yaradılmasında əsas məqsəd insanların dünyanın bir sıra regionlarının zəngin flora nümunələri ilə tanış olmasına şərait yaratmaqdır. Bağın nadir bitkilər kolleksiyası sahəsində “Qırmızı kitab”a daxil edilmiş bəzi bitki növləri mövcuddur. Burada ayrı-ayrı flora nümunələri üçün sahələr, təcrübə yerləri, nadir bitkilər kolleksiyası, tingçilik sahələri, həmçinin meyvə genofondu bağı yaradılıb. Bu da yerli və məhsuldar toxum sortlarının bərpası baxımından mühüm əhəmiyyət daşıyır. Təcrübə sahələrində NDU-da biologiya və coğrafiya ixtisasları üzrə təhsil alan tələbələrin iştirakı ilə açıq dərslər keçirilir.

Qeyd edilib ki, hazırda Nəbatat bağının sahəsi 13,2 hektar, muxtar respublika üzrə balansında olan torpaqların sahəsi isə 80 hektardan çoxdur. Nəbatat bağında “Ultra sera” ailəsinə məxsus son texnologiyaya malik istilikxana quraşdırılıb, tam avtomatlaşdırılmış iqlim-nəzarət və suvarma sistemləri ilə təchiz edilib. Müasir texnologiyaların tətbiqi bitkilərin normal inkişafına imkan verir. Xarici ölkələrdən gətirilən müxtəlif bitki növlərinin bəziləri artıq muxtar respublikanın iqlim şəraitinə uyğunlaşdırılıb və açıq havada çoxaldılmasına başlanılıb.

Nəbatat bağı ilə tanışlıq universitet əməkdaşlarında xoş təəssüratlar yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.