REGİONLAR


Muxtar respublikadakı sututarlara 267 milyon kubmetr su ehtiyatı toplanılıb

Naxçıvan, 4 avqust, AZƏRTAC

Muxtar respublika ərazisində yerləşən və 303,5 milyon kubmetr həcmə malik olan sututarlara 267 milyon kubmetr su ehtiyatı toplanılıb. Su istifadəçilərinə mexaniki üsulla və öz axını ilə 144,6 milyon kubmetr suvarma suyu verilib, təkrar suvarma nəzərə alınmaqla, 121 min 740 hektar ərazi suvarılıb.

AZƏRTAC xəbər verir ki, bu faktları Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsində keçirilən kollegiya iclasında komitənin sədri Əsgər Əsgərov səsləndirib.

Komitə sədri bildirib ki, cari ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasında əkinəyararlı torpaq sahələrinin su təminatını yaxşılaşdırmaq, yeni torpaq sahələrini əkin dövriyyəsinə daxil etmək, suvarılan torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq üçün komitənin kollektivi tərəfindən meliorasiya və irriqasiya işlərinin miqyası artırılaraq bütün mövcud imkanlar səfərbər edilib, istismar, təmir və tikinti işləri həyata keçirilib. Vurğulanıb ki, 2017-ci ilin yanvar-iyun ayları ərzində muxtar respublika ərazisində 36 kilometr yeni suvarma boru xətti çəkilib, 24 kilometr suvarma boru xətti əsaslı təmir olunub.

Komitənin balansında olan 101 nasos stansiyası və 824 subartezian quyusu da istismar edilməkdədir. Həmin nasos stansiyalarının mexaniki və elektrik avadanlıqları təmir edilib, etibarlı iş rejimi yaradılıb. Subartezian quyusunda isə 21 yeni nasos quraşdırılıb.

Qeyd olunub ki, hesabat dövründə müxtəlif ünvanlarda kollektorların lildən təmizlənməsi, açıq və qapalı drenaj çəkilməsi, qrunt sularının səviyyəsinin aşağı salınması, sel sularına qarşı istiqamətləndirici bəndlərin tikilməsi, kaptaj və kəhrizlərin təmir-bərpa olunması tədbirləri də davam etdirilib.

Sonra məruzə ətrafında çıxışlar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.