REGİONLAR


“Muxtar respublikamızı tanıyaq” fotomüsabiqəsinə yekun vurulub

Naxçıvan, 25 may, Rauf Kəngərli, AZƏRTAC

Naxçıvanın qədim tarixə, zəngin mədəniyyətə, flora və faunaya malik olması, özünəməxsus mətbəxi, muxtar respublikanın hər yerində, hətta ən ucqar dağ kəndlərində belə əlverişli infrastrukturun yaradılması və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu sahəyə xüsusi diqqəti qədim diyarda turizmin inkişafına geniş imkanlar açır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Naxçıvan şəhərində yerləşən Naxçıvan Turizm İnformasiya Mərkəzində “Muxtar respublikamızı tanıyaq” devizi altında keçirilən fotomüsabiqənin yekun tədbirində çıxış edən muxtar respublikanın mədəniyyət və turizm naziri Natəvan Qədimova səsləndirib.

Natəvan Qədimova bildirib ki, cəmiyyətin iqtisadi və mədəni tərəqqisinin, xalqlar arasında humanitar əlaqələrin və tolerantlığın göstəricisi olan turizmin inkişafı ölkəmizdə və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında diqqət mərkəzində saxlanılır. Bu gün muxtar respublikanın ən ucqar dağ kəndlərinə belə rahat asfalt yollar salınıb, qaz və su xətləri çəkilib, müasir infrastruktur obyektləri tikilib, fasiləsiz elektrik enerjisi, sürətli internet şəbəkəsinin mövcudluğu təmin edilib. 2016-cı il martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi” mövzusunda müşavirə keçirilib, aidiyyəti təşkilatlar qarşısında ciddi vəzifələr qoyulub. Müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı muxtar respublikanın Mədəniyyət və Turizm Nazirliyinin müvafiq təşkilatlarla birgə tədbirlər planı təsdiq edilib və həyata keçirilib.

“Muxtar respublika ərazisində “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, digər pir və ziyarətgahların olması dini turizmin inkişafına yol açır. Həmçinin “Duzdağ” Fizioterapiya Mərkəzinin, “Darıdağ” arsenli su müalicəxanasının xəstələrə şəfa verməsi hər il minlərlə turisti muxtar respublikamıza cəlb edir”, - deyən muxtar respublikanın mədəniyyət və turizm naziri qeyd edib ki, bütün bunların nəticəsində keçən il muxtar respublikaya gələnlərin sayı 403 mindən çox, bu ilin dörd ayı ərzində isə 130 minə yaxın olub. Bu, keçən illə müqayisədə 5 faiz çoxdur.

Natəvan Qədimova vurğulayıb ki, turizmin inkişafında turizm potensialının mövcudluğu ilə yanaşı, reklam və təbliğat işi də mühüm əhəmiyyətə malikdir. Muxtar respublikanın turizm potensialının tanıdılması, gənclərin təbliğat işində fəallığının artırılması məqsədilə nazirlik tərəfindən “Muxtar respublikamızı tanıyaq” devizi altında fotomüsabiqə elan edilib. Həmin müsabiqə artıq yekunlaşıb. Nazir qalibləri təbrik edib.

Nazirliyin turizm şöbəsinin müdiri Əkbər Novruzov çıxışında bildirib ki, fotomüsabiqə bu il yanvarın 1-dən aprelin 30-dək “Ən yaxşı Naxçıvanın təbiət fotoşəkli”, “Ən yaxşı memarlıq abidəsi fotoşəkli” və “Ən yaxşı mədəni irs nümunəsi fotoşəkli” nominasiyaları üzrə keçirilib. Müsabiqəyə 43 iştirakçı müraciət edib və üç nominasiya üzrə 300 fotoşəkil təqdim olunub.

Sonra müxtəlif nominasiyalar üzrə qaliblər I, II və III dərəcəli diplomlarla və fəxri fərmanlarla təltif olunublar. Müsabiqənin təşkilatçılarından üç nəfər isə muxtar respublikanın Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının fəxri fərmanı ilə təltif edilib.

Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Uşaq Filarmoniyasının solistlərinin ifasında muğam və təsniflər səslənib, fotosərgiyə baxış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.