REGİONLAR
Muxtar respublikanın 207 təhsil müəssisəsində ən müasir istilik sistemi qurulub
Naxçıvan, 29 yanvar, Rauf Əliyev, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında mövcud olan 275 təhsil müəssisəsindən 207-də ən müasir istilik sistemi qurulub.
AZƏRTAC xəbər verir ki, muxtar respublikada istilik sistemi quraşdırılmayan 68 təhsil müəssisəsində fasiləsiz iş prosesinin təmin edilməsi məqsədilə lazımi tədbirlər görülüb, məktəblərdə təhlükəsizlik qaydalarına əməl olunması üçün reydlər keçirilib.
Yeni məktəb binalarının tikintisi zamanı burada müasir istilik sisteminin qurulması da diqqət mərkəzində saxlanılır. Belə ki, ötən ildə aparılan tikinti-quruculuq işləri başa çatdıqdan sonra muxtar respublikada daha 19 təhsil müəssisəsi payız-qış mövsümündə müasir istilik sisteminə qoşulub.
Yeni məktəblərin tikilməsi və müasir istilik sistemlərinə qoşulması birnövbəli məktəblərin də sayının artmasına səbəb olub. Bu nəticəsidir ki, 2014-2015-ci tədris ilində muxtar respublikada fəaliyyət göstərən 215 ümumtəhsil məktəbindən 203-ü beşgünlük iş həftəsi ilə, 12-si isə 6 günlük iş həftəsi ilə işləyir. Bu da öz növbəsində tədrisin keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəlməsinə töhfəsini verməkdədir.
Qeyd edək ki, 2014-2015-ci tədris ilində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində 8 rayon və şəhər təhsil şöbəsi, 215 ümumtəhsil məktəbi, 44 məktəbdənkənar müəssisə, 2 orta ixtisas məktəbi, 1 peşə liseyi və 4 texniki-peşə məktəbi fəaliyyət göstərir.