REGİONLAR


Muxtar respublikanın Şərq Döyüşü Sənəti Federasiyası ötən səkkiz ayı uğurlu nəticələrlə başa vurub

A+ A

Naxçıvan, 16 sentyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Şərq Döyüşü Sənəti Federasiyası uğurlu nəticələr əldə edib. Federasiyanın yetirmələri bu ilin ötən dövründə ölkədaxili və beynəlxalq turnirlərdə 20 medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, muxtar respublikanın şəhər və rayonlarında bölmələri olan federasiyada 20-dən çox məşqçi-müəllim çalışır. 14 ildir fəaliyyət göstərən federasiyanın nəzdində taekvando, kikboksinq və MMA qaydasız döyüş bölmələri var. Bununla yanaşı, Naxçıvan şəhərində, Babək, Şərur və Şahbuz rayonlarında, ümumilikdə, 500-dən çox yeniyetmə və gənc bu idman növlərinin sirlərini öyrənir. Şərq Döyüşü Sənəti Federasiyasında, həmçinin 14 nəfərdən ibarət hakimlər kollegiyası fəaliyyət göstərir.

Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının sədr müavini Cavanşir Salayev AZƏRTAC-a müsahibəsində bildirib ki, federasiyanın yetirmələri daha çox ölkədaxili və beynəlxalq turnirlərdə uğur qazanıblar. Belə ki, Nail Hüseynov aprel ayında Ukraynanın Xarkov şəhərində keçirilən kikboksinq üzrə Avropa çempionatında Azərbaycanın Dövlət himnini səsləndirməyə müvəffəq olub. Bununla yanaşı, elə aprel ayında federasiyanın yetirmələri MMA üzrə Azərbaycan çempionatında çıxış ediblər. 1 qızıl, 8 gümüş və 1 bürünc medal qazanan idmançılarımız komanda hesabında da qaliblər sırasında olublar. Kikboksinq üzrə Azərbaycan birinciliyində isə idmançılarımız 1 qızıl, 2 gümüş medal qazanıblar. Bu, kikboksinqdə qazanılan tək uğur deyil. Belə ki, yetirmələrimiz fevral ayında da keçirilən analoji birincilikdə 6 müxtəlif əyarlı medal əldə ediblər.

Cavanşir Salayev muxtar respublikada keçirilən turnirlər barədə də məlumat verərək deyib: “Federasiyamız cari ilin ötən dövründə muxtar respublikanın Gənclər və İdman Nazirliyi ilə birgə bir sıra yarışlar, turnirlər təşkil edib. Bu ilin yanvar ayında kikboksinq, fevral ayında taekvando, mart ayında isə MMA qaydasız döyüş idman növləri üzrə muxtar respublika birincilikləri keçirilib. Sevindirici haldır ki, bu birinciliklərdə yüzlərlə yeniyetmə və gənc idmançı mübarizə aparıb. May ayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş kikboksinq üzrə “Heydər Əliyev kuboku” uğrunda yarışda idmançıların çıxışları daha çox yaddaqalan olub. Ümumiyyətlə, 8 ayda federasiya nazirliklə birgə şəhər və rayonlarda 20-dən çox yarış, turnirlər təşkil edib. Həmçinin bu dövrdə Bakı şəhərindən dəvət olunmuş məşqçilər tərəfindən idmançılar və məşqçi-müəllimlər üçün seminarlar keçirilib”.

Federasiyanın sədr müavini gələcək planlar haqqında da danışaraq qeyd edib ki, qarşıdakı aylarda məqsəd federasiyanın nəzdində fəaliyyət göstərən bölmələrin iş qrafikini genişləndirmək və yeni idmançıları cəlb etməkdir. Şəhər və rayonlarda yeni bölmələr açılacaq. Bunun üçün şərait yaradılıb. Eyni zamanda, federasiya muxtar respublikanın Gənclər və İdman Nazirliyinin tədbirlər planına uyğun olaraq şəhər və rayon birincilikləri təşkil edəcək. Uğur qazanan idmançılarımız isə ölkə birinciliklərində Naxçıvanı təmsil edəcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.