REGİONLAR
Muxtar respublikanın iqtisadiyyatının innovativ inkişaf istiqamətləri müzakirə olunub
Naxçıvan, 29 noyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində (NDU) “Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının innovativ inkişaf istiqamətləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr olunmuş konfransın plenar iclasını universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq ümummilli lider Heydər Əliyevin iqtisadi inkişaf strategiyasından danışıb.
Bildirilib ki, hazırda Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurlu davam etdirilməsi nəticəsində Azərbaycan iqtisadi, hərbi qüdrətə və elmi-texniki tərəqqiyə malik bir dövlətə çevrilib.
İqtisad elmləri doktoru, professor Asif Şirəliyev “İnnovativ inkişaf iqtisadiyyatın tərəqqisinin mühüm amili kimi” məruzəsində qeyd edib ki, Azərbaycanda davamlı və dayanıqlı iqtisadi inkişaf, makroiqtisadi sabitlik təmin edilib, əlverişli biznes və investisiya mühiti yaradılıb, sahibkarlıq fəaliyyəti genişləndirilib.
“Naxçıvan Muxtar Respublikasında bazar iqtisadiyyatının əsasını təşkil edən innovasiya sahibkarlığının inkişaf etdirilməsi nəticəsində 2010-cu ildən ötən dövr ərzində 43 istehsal və emal müəssisəsi yaradılıb, ümumi daxili məhsulda özəl sektorun çəkisi artaraq 86 faizə çatıb. Hazırda muxtar respublikada 114 növ ərzaq, 202 növ qeyri-ərzaq məhsullarına, bütövlükdə 316 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir”, - deyən iqtisad elmləri doktoru, professor Ağarza Rüstəmov bildirib ki, Prezident İlham Əliyevin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 3 mart tarixli Fərmanında qarşıya qoyulmuş vəzifələrin uğurlu icrası bütünlükdə iqtisadiyyatın inkişafına güclü təkan verəcək.
İqtisad üzrə fəlsəfə doktoru, dosent Mehdi Bağırov “Muxtar respublikanın sosial-iqtisadi inkişaf vəziyyəti və ona təsir edən amillər” mövzusunda məruzəsində hüquqi-normativ bazanın yaradılmasının, yeni təsərrüfat obyektlərinin işə salınmasının, sənayeləşmənin təşəkkülünün, daxili tələbatın ödənilməsini təmin edəcək subyektlərin istifadəyə verilməsinin iqtisadi yüksəlişə rəvac verdiyini bildirib.
Konfrans işini bölmə iclasları ilə davam etdirib.