REGİONLAR
Muxtar respublikanın səhiyyə müəssisələrində immunlaşdırma aylığı keçiriləcək
Naxçıvan, 29 yanvar, Rauf Əliyev, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının səhiyyə müəssisələrində çalışan və risk qrupuna daxil olan ginekologiya, stomatologiya, cərrahiyyə, hemodializ, laboratoriya şöbələri işçilərinin, eləcə də obliqat qruplarının hepatit B infeksiyasına qarşı vaksinasiya olunması üçün fevralın 1-dən 28-dək immunlaşdırma aylığı keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, artıq aylığa hazırlıq işləri başa çatdırılıb. Tibb işçilərinin bu təhlükəli infeksiyadan qorunması məqsədilə artıq böyük yaşlılar üçün 4 min dozadan çox vaksin alınıb muxtar respublikaya gətirilib.
İmmunlaşma 3 mərhələdə aparılacaqdır. İlk iki mərhələdən 2 ay sonra üçüncü vaksin tamamlanacaqdır. Cədvəl əsasında üç vaksini alan hər bir tibb işçisi hepatit B virusuna yoluxma riskindən azad olacaq.
Rayon mərkəzi xəstəxanaları və Naxçıvan şəhərindəki tibb müəssisələrində tədbirin təşkili üçün məsul şəxslər təyin edilib. Vaksinasiyaya cəlb ediləcək tibb işçilərinin siyahıları tərtib olunub və onlardan qan götürülərək hepatit B virusuna qarşı analiz üçün Naxçıvan Muxtar Respublikası QİÇS-lə Mübarizə və Profilaktika Mərkəzinin laboratoriyasına göndərilib. Rayon mərkəzi xəstəxanalarında hepatit B vaksininin vurulması üçün vaksinator da daxil olmaqla üç, Naxçıvan şəhərində yerləşən bütün tibb müəssisələrində isə dörd orta tibb işçisindən ibarət briqadalar yaradılıb və onlar lazımi səviyyədə təlimatlandırılıblar.
Naxçıvan Muxtar Respublikası QİÇS-lə Mübarizə və Profilaktika Mərkəzinin laboratoriyasına göndərilən qan nümunələrinin hepatit B virusuna seroloji diaqnostikası aparılması, müayinənin nəticələri təsdiq edildikdən sonra hər bir tibb işçisi haqqında məlumatın qan müayinələrinin göndərildiyi tibb müəssisəsinə qaytarılması təmin olunacaq.
Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi bu tədbirin lazımi səviyyədə həyata keçirilməsi məqsədilə hepatit B vaksininin bölgüsünə və təlimat əsasında ərazilərə çatdırılmasına ciddi nəzarət edəcək.