REGİONLAR


Muxtar respublikanın təhsil müəssisələrinin muzeylərlə əlaqəli işinə xüsusi diqqət yetirilir

A+ A

Naxçıvan, 5 avqust, AZƏRTAC

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində “Muzeylər tərəfindən təhsil fəaliyyətinin həyata keçirilməsində açıq dərslərin rolu” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, elmi-nəzəri konfransda Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Həsən Kərimov çıxış edərək ölkəmizdə muzeyşünaslığın təşəkkül tapmasının, muzeylər şəbəkəsinin yaradılmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Vurğulanıb ki, əgər 1969-cu ilə qədər Azərbaycanda cəmi 29 muzey fəaliyyət göstərirdisə, Ümummilli Liderimizin hakimiyyəti illərində ölkəmizdə 111 müxtəlif profilli muzey yaradılıb.

Həsən Kərimov qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında da muzeylərin fəaliyyətinin canlandırılması, muzey şəbəkələrinin genişləndirilməsi sahəsində mühüm işlər həyata keçirilir. Əgər 1997-ci ilədək Naxçıvan Muxtar Respublikasında 13 muzey fəaliyyət göstərirdisə, hazırda bu qədim diyarda 28 müxtəlif profilli muzey və 1 Dövlət Rəsm Qalereyası mövcuddur.

Diqqətə çatdırılıb ki, muxtar respublikanın təhsil müəssisələrinin muzeylərlə əlaqəli işinə xüsusi diqqət yetirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il iyunun 20-də imzaladığı Sərəncam bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Sərəncama uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi və Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən təsdiq edilmiş “Təhsil müəssisələri ilə muzeylər arasında təşkil ediləcək distant dərslərin qrafiki”nə əsasən, 2016-cı ilin birinci yarısında təhsil müəssisələri ilə muzeylər arasında 14 distant dərs keçilib, dərslərə muxtar respublikanın 200-dən çox ümumtəhsil, orta ixtisas və peşə məktəbi qoşulub. Muxtar respublikada məktəb-muzey şəbəkəsi yaradılıb, Azərbaycanın, Naxçıvanın tarix və mədəniyyəti, görkəmli şəxsiyyətlərimiz haqqında distant dərslərin keçilməsinə başlanılıb.

Sonra Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev “Heydər Əliyev Muzeyində açıq dərslərin keçilməsi təcrübəsi” mövzusunda çıxış edərək bildirib ki, altı ayda muzeydə 72 açıq dərs və 2 distant dərs keçilib. Bu dərslərdə gənc nəslə ümummilli lider Heydər Əliyevin dövlətçilik ideyaları və müstəqillik uğrunda mübarizə tarixi, eləcə də xalqımızın tarixi və mədəniyyəti barədə geniş söhbət açılıb. Milli Qurtuluş Günü münasibətilə muxtar respublikanın təhsil müəssisələri ilə Heydər Əliyev Muzeyi arasında interaktiv əlaqə yaradılıb, “Qurtuluş Günü mənim həyatımda” mövzusunda dərs keçilib. Bu dərsə 200 ümumtəhsil, orta ixtisas və peşə məktəbləri qoşulub.

Xatirə Muzeyinin direktor əvəzi Aynurə Məhərrəmova “Xatirə Muzeyinin ümumi fəaliyyətində açıq dərslərin yeri və rolu” mövzusunda çıxış edərək bildirib ki, bu ilin 6 ayında muzeydə 15 açıq dərs və 3 distant dərs təşkil edilib. 20 Yanvar və Xocalı faciələri, Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı keçilən distant dərslərlə yanaşı, muzeydə keçilən açıq dərslərdə gənc nəslin vətənpərvərlik ruhunun gücləndirilməsi, ata-babalarımızın qəhrəmanlıq nümunələri, milli qəhrəmanlarımız haqqında geniş məlumat verilib, mühazirələr oxunub.

Elmi-nəzəri konfransın sonunda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb, muzeyin ekspozisiyasına baxış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.